Azərbaycan Turizm İnstitutunun nəzdində fəaliyyət göstərən Bakı Turizm Peşə Məktəbində bir neçə ixtisas üzrə dövlət imtahanına hazırlıq məqsədilə sınaq imtahanları başlayıb. Prosesi izləmək və son yeniliklərlə tanış olmaq üçün tədris ocağında olduq.
   
   Məktəbin direktoru İkram Məmmədov əvvəlcə bizə imtahanlarla bağlı məlumat verdi. Onun sözlərinə görə, Turizm Peşə Məktəbində hazırda turizm agenti, aşpaz, barmen-bufetçi, ofisiant, milli park bələdçisi, mehmanxana inzibatçısı, dağ-xizək turizm növü üzrə bələdçi, ekoloji turizm bələdçisi və s. ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir: «Ötən ilin fevral ayında hər qrupda 20 nəfər olmaqla, 3 qrup üzrə şagird qəbulu elan etdik. Bunlar aşpaz-qənnadıçı, mühasibat və turizm agenti ixtisasları idi. Bu gün aşpaz-qənnadıçı qrupu üzrə təhsil alan şagirdlərin dövlət imtahanına hazırlıq üçün sınaq imtahanlarıdır. Bu qrupun şagirdləri bir neçə ay idi ki, istehsalat təcrübəsində idilər. Onlar öz istehsalat təcrübələrini əsasən müxtəlif hotellərin restoranlarında keçirlər. Həmin restoranların baş aşpazları bizim keçmiş tələbələrimizdir».
   Söhbət əsnasında İkram müəllimdən ötən ilin dekabr ayında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş «Şadlıq saraylarının təsnifatı və qaydalar» dövlət standartı haqqında fikirlərini soruşduq. İxtisas təhsili olmayanların bu sahədə işləməsinin həmişə əleyhinə olduğunu vurğulayan direktor bildirdi ki, bunu əsasən aşpazlar və ofisiantlar haqqında demək olar: «Mən müxtəlif seminarlarda, konfranslarda oluram. Həmişə də bu tədbirlərdə eyni bir problem qaldırırlar ki, restoranlarda çalışan ofisiantların səviyyəsi çox aşağıdır. Bizdə barmen-ofisiant qrupu var. Onların istehsalat təcrübəsi keçməsi üçün mən restoranlara müraciət edirəm, onların heç biri bu uşaqları götürmür. Çünki restoran sahibləri öz qohumlarını, tanışlarını işlədirlər. Onların təhsilli-təhsilsiz olması sahibkar üçün maraqlı deyil. Bax, problemin səbəbi budur. Bu il barmen-ofisiant qrupu üzrə təhsil alan şagirdləri yalnız keçmiş tələbələrimizin çalışdıqları restoranlarda istehsalat təcrübəsi keçməyə göndərdik. Bu baxımdan da bu standartların təsdiq olunmasını alqışlayıram».
   
   Yaxşı aşpaz olmaq üçün yaxşı müəllim mühüm şərtdir

   
   Sonra imtahan otağına baş çəkirik. Burada aşpaz-qənnadıçı ixtisası üzrə peşə təhsili öyrənən 9 tələbə öz qabiliyyətini göstərirdi. Etiraf edim ki, otağa daxil olduqda özümü bir anlıq hansısa restoranda hiss etdim. Stolun üzərində Azərbaycan milli mətbəxinə aid müxtəlif isti və soyuq yeməklər, şirniyyatlar düzülmüşdü. Görünüşünə görə zövqoxşayan bu təamların dadını isə imtahan komissiyasının üzvləri qiymətləndirirdilər.
   Fürsət tapıb komissiya üzvləri ilə də həmsöhbət olduq. Ramin Nuriyev İçərişəhərdə yerləşən «Meridian» mehmanxanasında baş aşpaz işləyir. Emin Nuriyev isə baş qənnadıçıdır. Hər ikisi Bakı Turizm Peşə Məktəbinin (əvvəlki 11 saylı Bakı Peşə Liseyi) məzunlarıdır.
   E.Nuriyevin sözlərinə görə, Bakı Turizm Peşə Məktəbi əsl məktəbdir və burada oxumaq gənclər üçün böyük bir şansdır: «Bu şansı dəyərləndirmək lazımdır. Çünki burada təhsil alanlar peşəkar aşpaz kimi yetişirlər».
   R.Nuriyev iş və karyera sahəsində nail olduqlarına görə məhz bu məktəbin rəhbərliyinə və müəllimlərinə borclu olduğunu deyir: «Burada nəzəri biliklər almışıq, məktəb rəhbərliyinin köməyi ilə istehsalat təcrübəmizi tanınmış hotellərdə keçmişik. Bunun nə demək olduğunu gözəl bilirik. Ona görə də məktəblə daima əlaqə saxlayır, uşaqların işlədiyimiz müəssisələrdə təcrübə keçməsinə kömək edirik. Bilirsiniz, mənim fikrimcə, yaxşı aşpaz olmaq üçün həvəslə yanaşı, yaxşı müəllimin olması mühüm şərtdir. Ona görə də çalışırıq, uşaqlara kömək etməklə, müəllimlərimizin borcundan çıxaq».
   Qeyd edək ki, uşaqlar xeyli həyəcanlı görünürdülər. İmtahan hər zaman həyəcan deməkdir. Turan Yolçuyev istehsalat təcrübəsini «Park» restoranında keçib. Dediyinə görə, təcrübə müddətində heç bir problemlə qarşılaşmayıb. Gələcəkdə yaxşı aşpaz olmaq arzusundadır. İlahə Kərimova isə qənnadıçı ixtisasını çox sevir. O yaxşı şirniyyat hazırlamaq üçün insanın gözəl zövqə malik olmasını başlıca şərt hesab edir. İmtahan zamanı Mirəbdülvahab Qafarlı, Emin Nəbiyev, Asif Həşimov, Rüsif Əliyev, Asif İbrahimov, Camal Hüseynov, Sadiq Nasirov, Telman Əzimov və Rasim İsayevin hazırladıqları milli mətbəximizə aid təamlar imtahan komissiyası tərəfindən yüksək qiymətləndirildi. Komissiya üzvləri uşaqlara yeməklərlə bağlı bəzi tövsiyələrini də verdilər.
   
   Nizam-intizam keyfiyyətin əsasını təşkil edir
   
   Azərbaycan Turizm İnstitutunun peşə təhsili üzrə məsul əməkdaşı Cəmaləddin Axundovun təklifi ilə məktəbi gəzdik. Qeyd edək ki, məktəbin 2-ci və 3-cü mərtəbələrində ATİ-nin tələbələri dərs keçir. Peşə məktəbinin şagirdləri isə 4-cü mərtəbədədir. Biz orada olanda günorta saatları idi. Bütün qruplar tam tərkibdə dərsdə idi. C.Axundov deyir ki, hər bir təhsilin əsasını birinci növbədə nizam-intizam təşkil edir: «Bizim məktəbdə həmişə bu məsələyə xüsusi diqqət yetirilib. Uşaqların səbəbsiz yerə bir saat da olsa dərs buraxmasına imkan verilmir. Eləcə də müəllimlər bütün dərs saatlarını lazımi səviyyədə keçirlər».
   C.Axundov deyir ki, bura həmişə aşpaz-kulinar, ticarət məktəbi olub. Məktəbdə aşpaz, mühasib, bərbər hazırlanıb. Amma turizm ixtisası üzrə qruplar olmayıb: «Azərbaycan Turizm İnstitutunun nəzdinə keçməyin bizə çox böyük xeyri oldu. Turizm İnstitutunu qurtaran tələbələr bizdə indi istehsalat-təlim ustası işləyir. Bu isə bizə müəllimlər arasında seçim etmək imkanı verir. Görsək ki, hazırkı müəllimlər bizə istədiyimiz tədrisi vermir, onda instituta yeni mütəxəssis üçün müraciət edəcəyik.
   Gələcəkdə tələbat olarsa, turizm ixtisasları üzrə qəbulun sayını artıra da bilərik».
   Həmsöhbətimizin sözlərinə görə, bu il qəbul elan etdikləri yeni ixtisaslar arasında dağ-xizək turizmi üzrə bələdçi qrupu da var: «Bizdə bu ixtisas heç vaxt tədris olunmayıb. Ona görə də bir sıra çətinliklərimiz oldu. Onları «Bakı tur» turizm şirkətinin dəstəyi ilə Şahdağ Qış-Yay Turizm Kompleksinə tanışlıq üçün göndərdik. Fevralın ortalarında bu qrupun şagirdləri nəzəri dərslərini başa vurub imtahanlarını verəcəklər. Bundan sonra isə istehsalat təcrübəsi üçün kompleksə yollanacaqlar. Bizə ən azı 10 nəfər üçün xüsusi geyim dəsti almaq lazımdır ki, uşaqlar təcrübələrini normal keçə bilsinlər. Bu baxımdan Şahdağ Qış-Yay Turizm Kompleksinin müdiriyyəti ilə danışmışıq. Onlar bu məsələdə bizə köməklik edəcəklərinə söz veriblər. Bu qrupda təhsil alan uşaqların Şahdağ kompleksində işləməyə çox böyük həvəsləri var. Onlar öz istəkləri ilə bu ixtisası seçiblər. Ona görə biz də onların kompleksdə qalıb işləmələri üçün əlimizdən gələni edəcəyik».
   Sonda bir məqamı da vurğulamaq istərdik ki, bu il Bakı Turizm Peşə Məktəbinin kollektivi üçün həm də ona görə əlamətdardır ki, 20 ildən sonra, nəhayət, məktəbin istilik sistemi bərpa edilib. İkram Məmmədov deyir ki, Mədəniyyət və Turizm Nazirliyinin və ATİ-nin dəstəyi ilə bu problem öz həllini tapıb: “Hazırda məktəbin həyətində iki qazanxana qoyulub. Məktəb istiliklə tam təmin olunur. Bu problemin həlli dərslərin keyfiyyətinə də müsbət təsir göstərir».
   
   Fəxriyyə Abdullayeva