Yanvarın 30-dan fevralın 3-dək İspaniyanın paytaxtı Madriddə «FİTUR 2013» beynəlxalq turizm sərgisi keçiriləcək. Sərgidə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi altında nümayəndə heyətinin iştirakı nəzərdə tutulub. Nümayəndə heyətinin tərkibinə Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdir müavini Rauf Paşayev, Turizmin marketinqi və təbliğatı sektorunun müdiri Vüqar Şıxəmmədov, Bakı Turizm İnformasiya Mərkəzinin turizm işi üzrə mütəxəssisi Günel Əliyeva, habelə «Geo Travel», «Gilan Tourism», «ENC Tours» və «Regea travel» şirkətlərinin təmsilçiləri, Azərbaycan Dövlət Rəqs Ansamblının 4 nəfər üzvü daxildir.
   Sərgidə respublikamızın turizm imkanları 51 kv.m sahədə nümayiş olunacaq. Burada Şahdağ Qış-Yay Turizm Kompleksi və «Bakı” futbol klubu üçün yer ayrılıb. Sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis və ispan dillərində müxtəlif növ reklam-çap məhsulları, eləcə də digər təbliğat materialları hazırlanıb.
   Stendimizdə maraq cəlb edəcək tədbirlərdən biri də «Bakı” futbol klubunun dəstəyi ilə Madridin «Atletico” komandasının bir neçə məşhur oyunçusunun sərgi ziyarətçiləri üçün «Land of Fire» (“Odlar yurdu”) yazılı futbol formalarını imzalaması mərasimi olacaq.
   
   Fəxriyyə