O, üç qardaşın ortancılı idi. Uşaq yaşlarından zəhmətə alışmış, bir usta kimi halal qazancı ilə ailəsini dolandırırdı. Amma Vətənə olan sevgisi, bağlılığı sayəsində hərbçi olmaq qərarına gəlmiş və son nəfəsini də bu şanlı formanın altında vermişdi...

Ölkəmizin ərazi bütövlüyünün bərpa olunması ilə başa çatan 2020-ci ilin Vətən müharibəsi şəhidlərindən gizir Cəmil Həşimli haqqında söz açırıq.

Cəmil Əflatun oğlu Həşimli 1995-ci il avqustun 11-də Kürdəmir rayonunda anadan olub. Kürdəmir şəhər F.Həşimov adına 3 nömrəli tam orta məktəbdə təhsil alıb. Sonra əsgərliyə gedir. Vətənə borcunu yerinə yetirib rayona qayıdır və avtomobil təmiri ilə məşğul olur. Lakin hərbçi peşəsi onu özünə cəlb etmişdi. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində gizir hazırlığı kursunu müvəffəqiyyətlə bitirərək gizir rütbəsi alır və Füzuli rayonundakı N saylı hərbi hissədə tağım komandirinin müavini kimi xidmətə başlayır.

2020-ci ilin 27 sentyabrı... 44 gündə tariximizin yeni şan-şöhrət səhifəsinin yazıldığı Vətən müharibəsi... Düşmən 30 ilə yaxın bir müddət idi ki, Qarabağı işğal altında saxlayırdı. Artıq qisas günü yetişmişdi. Xalqımızın mərd, igid oğulları yağının ayağını torpaqlarımızdan kəsmək üçün ölüm-dirim savaşına qalxmışdı...

Cəmil də döyüşlərin ilk günündən ön sıralarda yerini alıb silahdaşları ilə düşmən üzərinə gedirdi. Füzuli, Cəbrayıl və Xocavənd uğrunda döyüşlərdə böyük rəşadət göstərirdi. Ta ki Füzuli istiqamətində düşmənin xain gülləsi onu hədəf alanadək... Oktyabrın 5-də qorxmaz döyüşçü öz silah yoldaşları ilə birlikdə “40 metr” adlanan üçkameralı postun düşməndən azad edilməsində böyük şücaət örnəyi ortaya qoyur. Strateji əhəmiyyətli bu posta bayrağımızı sancarkən düşmənin snayper gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalır. Bir gün sonra Kürdəmir rayon Şəhidlər xiyabanında torpağa tapşırılır.

Şəhidin anası, rayonda tibb bacısı işləyən Simuzər Bağırova oğul itkisinə dözmək çətin olsa da, əsl Azərbaycan qadını kimi məğrur, mətanətli, iradəli və güclü dayanaraq sözə başlayır: “Cəmilin qəlbi Vətən məhəbbəti ilə dolu idi. Uşaqlıqdan çox zəhmətkeş olub. Həmişə qardaşlarına və mənə arxa olub. Hələ hərbi xidmətdə olanda dəfələrlə hərbi hissə komandiri tərəfindən mənə zəng edib təşəkkür edirdilər ki, belə bir tərbiyəli, vətənpərvər oğul böyütmüsünüz. Vətən müharibəsi başlayandan, demək olar ki, hər gün Cəmillə əlaqə saxlayırdıq. Oktyabrın 5-də səhər saatlarında Cəmil mənə zəng vuraraq tək qalmamağımı qohumlarımızın yanına Bakı şəhərinə getməyimi istədi. Yadımdadır, həmin gün güclü yağış yağırdı. Təxminən günorta saatlarında Bakıya çatdım. Axşam saat 8-də Kürdəmirdən zəng vurdular ki, Cəmil yaralanıb, gətiririk. Mən onun yaralı olduğuna inanmırdım. Dedim, o, heç vaxt yaralı ola bilməz, yüz faiz şəhid olub...”.

Simuzər ana qeyd edir ki, Vətən müharibəsi zamanı Cəmildən başqa digər iki oğlu da döyüşlərdə iştirak edib: “Həmin gecə Kürdəmirə qayıtdım. Böyük oğlum Mərahimə zəng vurub dedim ki, qardaşın şəhid olub. Mən həmişə oğullarıma söyləyirdim ki, düşmənlə döyüşəndə heç vaxt kürəyinizi ona çevirməyin, sizi arxanızdan vura bilər. Böyük oğlum Cəmilin nəşini götürəndə görüb ki, qardaşı ürəyindən güllə yarası alıb. Mənə dedi ki, ana, sən necə demişdinsə, Cəmil elə də şəhid olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Cəmil Həşimli ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Şuşa, Füzuli və Xocavəndin azad olunmasına görə medalları ilə təltif olunub.

Şəhidin adına məzunu olduğu orta məktəbin həyətində bulaq-abidə inşa edilib. Bundan başqa, Kürdəmir rayonunda iki küçəyə şəhidin adı verilib.

Cəmil kimi qəhrəman oğullarımızın sayəsində ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Bu gün azad Qarabağ torpağında üçrəngli bayrağımız dalğalanırsa, biz şəhid və qazilərimizə, Cəmil kimi qəhrəmanlara minnətdarıq.

Allah rəhmət eləsin.

Nurəddin