Layihə çərçivəsində seminar keçirilib

 

“İrsimizin Tədqiqi və Təbliği” İctimai Birliyi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı layihə həyata keçirir.

Ulu öndərin 100 illiyi münasibətilə reallaşan layihə çərçivəsində ilk tədbir avqustun 11-də Gəncə şəhər Heydər Əliyev Mərkəzində təşkil olunub. “Heydər Əliyev və nitq mədəniyyəti” adlı elmi seminarda mədəniyyət işçiləri, pedaqoqlar, qazilər iştirak ediblər.

Tədbiri Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktor səlahiyyətilərini icra edən İlknur İsgəndərova açıb.

“İrsimizin Tədqiqi və Təbliği” İB-nin sədri sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı layihə haqqında məlumat verib.

Filologiya üzrə fəlsəfə doktoru, AMEA Gəncə Bölməsinin Humanitar Tədqiqatlar İnstitutu Ədəbiyyat şöbəsinin müdiri Ruziyə Quliyeva “Ümummilli lider Heydər Əliyevin müdrik kəlamları”, bölmənin Nizami Gəncəvi Mərkəzinin direktoru filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov “Heydər Əliyev və Gəncə ədəbi mühiti”, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, dosent, həmin mərkəzin böyük elmi işçisi Aləmzar Tağıyeva “Ulu öndər Heydər Əliyevin natiqlik məharəti”, Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğu Nizami məqbərəsi  filialının müdiri Gülnarə İsmayılova “Heydər Əliyev və Nizami irsi”, Gəncə şəhər 4 nömrəli Uşaq musiqi məktəbinin direktoru, Gəncə Dövlət Universitetinin dissertantı Aynur Şıxıyeva “Ümummilli lider Heydər Əliyev və milli musiqimiz” mövzularında çıxış ediblər.

Tədbirin bədii hissəsində musiqi məktəbinin müəllimləri Rüstəm Cəfərov və Aişə Cəfərovanın ifasında Ü.Hacıbəylinin Nizaminin qəzəlinə yazdığı “Sənsiz” romansı, pianoçu Gülcan Qasımovanın ifasında Ulu öndərin çox sevdiyi “Küçələrə su səpmişəm” xalq mahnısı, F.Əmirovun “Mən səni araram” və C.Cahangirovun “Alagöz” mahnıları səslənib.

Sonda ictimai birliyin sədri Səadət Təhmirazqızı tədbirin təşkili üçün yaradılan şəraitə görə Gəncə şəhər Heydər Əliyev Mərkəzinin rəhbərliyinə, eləcə də iştirakçılara təşəkkürünü bildirib.