Şövqi Hüseynov Gənc Tamaşaçılar Teatrını növbəti festivalda təmsil edir

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı avqustun 14-dən 20-dək Rusiyanın Vladimir şəhərində keçirilən III “Teatr. Birlik məkanı” beynəlxalq festivalına qatılıb.

Teatrın mətbuat xidmətindən bildirilib ki, festivalda Əməkdar artist Şövqi Hüseynovun  iştirakı ilə “Kontrabas” monotamaşası nümayiş olunacaq.

Alman yazıçısı Patrik Zuskindin eyniadlı pyesi əsasında hazırlanan tamaşaya mərhum rejissor, Xalq artisti İrina Perlova quruluş verib.

Ensiklopedik biliklərə malik qəhrəman həyatda çox sadə mövqe sahibidir. Opera ulduzuna vurulan bu şəxs həmin xanıma etiraf etmək istəyir ki, sakit otaqlarda belə onun səsini eşidir, məşhur ariyaları ifa edən gözəl səsi ilə dialoqa girir. Bu zaman özü-özü üçün qısqanclıq səhnəsi, teatr qalmaqalı yaradır ki, bəlkə bunun nəticəsində məşhur ulduzla ünsiyyət qurmaq imkanı oldu. Sarkazm və yumoristik məqamlarla zəngin olan tamaşada qəhrəmanın yeganə ünsiyyət vasitəsi isə kontrabasdır...