Yevlax rayonunun Gülövşə kəndində şəhid baş çavuş Təbriz Rəhimovun anım mərasimi keçirilib. Çıxış edənlər müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Qələbənin tarixi əhəmiyyətindən danışıblar.

Bildirilib ki, Təbriz Rəhimov 44 günlük Vətən müharibəsi zamanı igidliklər göstərib. Müharibədən sonra müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətini davam etdirib. O, Ermənistan ordusunun 2022-ci ilin 12-13 sentyabr tarixlərində Azərbaycanın Qərb istiqamətində sərhəd boyu törətdiyi təxribatlarının qarşısının alınması zamanı Zəngilan rayonu ərazisində qəhrəmancasına şəhid olub. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib. Şəhidin adı yaşadığı küçəyə verilib.

Çıxışlardan sonra şəhidin xatirəsinə inşa edilmiş abidə-bulaq kompleksinin açılışı olub. Gülövşə kənd tam orta məktəbinin şagirdləri və Yevlax şəhər Mədəniyyət Mərkəzinin əməkdaşları tərəfindən hazırlanmış kompozisiya nümayiş etdirilib.

***

Xocavənd rayon Qaradağlı kəndinin şəhid qəhrəmanı Elzamin Tağıyev doğum günündə Xocavənd qəsəbəsindəki (Beyləqan rayonu) Şəhidlər məzarlığında anılıb.

Mərasim iştirakçıları əvvəlcə şəhidlərin məzarları önünə qərənfillər düzüb, əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Bildirilib ki, Elzamin Tağıyev Vətən müharibəsinin ilk günündən Füzuli istiqamətində döyüşlərə qatılıb, oktyabrın 11-də yaralanıb, müalicə aldıqdan sonra yenidən döyüşlərə yollanıb. Noyabrın 9-da Şuşa uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Qubadlı, Füzuli və Şuşanın azad olunmasına görə medalları ilə təltif olunub.

***

Astara rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsində Azərbaycanın Milli Qəhrəmanları Aslan Atakişiyev və Fəxrəddin Cəbrayılova həsr olunan “Qəhrəmanlar unudulmur” mövzusunda tədbir keçirilib. Əvvəlcə Ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Çıxışlarda Milli Qəhrəmanların döyüş yolu haqqında məlumat verilib. Sonra şagirdlər vətənpərvərlik ruhlu şeirlər söyləyiblər, mövzu ilə bağlı sərgiyə baxış olub.

***

“Tək millət, tək ürək” Beynəlxalq Humanitar Platforması çərçivəsində Müdafiə Nazirliyi, İsmayıllı Rayon İcra Hakimiyyəti və Dağlıq Şirvan RMİ-nin dəstəyi ilə şəhid ailələri üçün tədbir təşkil olunub. İsmayıllı rayonundakı Heydər Əliyev adına parkda gerçəkləşən tədbirdə tanınmış incəsənət ustalarının ifasında konsert proqramı təqdim edilib. Tədbirdə həmçinin şəhid övladları üçün müxtəlif kompozisiyalar və İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin hazırladığı kukla tamaşası nümayiş etdirilib.

***

1918-ci ildə ermənilərin Azərbaycanın Naxçıvan bölgəsini ələ keçirmək üçün başlatdıqları qəsbkarlıq hərəkətlərinin qarşısının alınması məqsədilə Osmanlı ordusunun generalı Kazım Qarabəkir paşanın başçılığı ilə ordu birləşmələri bu qədim diyarın müdafiəsi üçün gəldilər. Nəticədə erməni daşnakların arzusu ürəklərində qaldı. Naxçıvan Azərbaycanın tərkib hissəsi kimi varlığını qoruyub saxladı. Həmin illərdə Anadoludan gələn türkiyəli qardaşlarımızın sırasından da şəhidlər olub. O şəhidlərdən biri də qəhrəman zabit Həsən Bəşir Türkoğludur. Onun şəhadətindən bu il 105 il ötür.

Ordubad rayonunun Anaqut kəndində şəhidin xatirəsini əbədiləşdirmək məqsədilə bulaq-abidə kompleksi inşa edilib. Abidənin açılışında Prezidentin NMR-də səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli və Türkiyənin NMR-dəki baş konsulu Asip Kaya çıxış ediblər.

Bildirilib ki, H.B.Türkoğlu 1918-ci ildə Ordubad rayonunun Dırnıs kəndi uğrunda gedən döyüşlərdə şəhid olub və bu kənddə dəfn edilib.

Tədbirdə şəhidlərin xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib. Sonda türkiyəli zabitin və Dırnıs kənd şəhidlərinin məzarları ziyarət edilib.

Nurəddin Məmmədli