AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Arxeoloji abidələrin toplusu” sektorunun əməkdaşları Azərbaycanın cənub bölgəsində monitorinq aparıblar.

Yardımlı, Astara, Lerik və digər rayonlarda qoç daşlar və insan başı formalı məzar daşlarına baxış keçirilib. Baxış zamanı məlum olub ki, tapıntılar XV- XVII əsrlərə, Ağqoyunlu və Səfəvilər dövlətləri dövrünə aiddir.

Monitorinq zamanı Astara rayonunun Alaşa kəndində Orta əsrlərə aid Əlişah qalasının qalıqlarına da baxış keçirilib. İnstitutun əməkdaşı, tarix  üzrə fəlsəfə doktoru Mikayıl Mustafayev el arasında “Divəkə” adlandırılan qalanın vaxtilə sovet ordusunun hərbçiləri tərəfindən keçirilən təlimlər zamanı dağıntılara məruz qaldığını bildirib.

Monitorinq qrupunun üzvləri yaxın vaxtlarda burada tədqiqat işlərinə başlamağı nəzərdə tutub.