Prezident İlham Əliyev avqustun 15-də Bakının Pirallahı rayonunda “Diamed” dərman istehsalı zavodunun açılışında iştirak edib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov və “Diamed Development Group” MMC-nin təsisçisi Aytən Quliyeva dövlətimizin başçısına görülən işlər barədə məlumat veriblər. Layihə barədə videoçarx nümayiş olunub.

Qeyri-neft iqtisadiyyatının inkişafı və sənayeləşmə Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindəndir. Bu siyasətə uyğun olaraq ixtisaslaşmış sənaye parkları və sənaye məhəllələri yaradılır. Hazırda ölkə üzrə 7 sənaye parkı və 5 sənaye məhəlləsi mövcuddur. Sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnika, texnoloji avadanlıq və qurğular isə ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar.

Pirallahı Sənaye Parkında bu günədək 6 müəssisə rezident kimi qeydiyyatdan keçib. Onlardan “R-Pharm” MMC və “Diamed Co” MMC artıq fəaliyyətə başlayıb. “Diamed Development Group”un dərman zavodunun bir hektar ərazisi, o cümlədən 3 min kvadratmetr qapalı sahəsi var.

“Azərbaycan İnvestisiya Şirkəti” ASC də zavodun tikintisinin maliyyələşdirilməsində iştirak edib. Ümumi dəyəri 15,6 milyon manatdan çox olan “Diamed” dərman zavodunda “Azərbaycan İnvestisiya Şirkəti”nin payı 20 faizdir. Bu müəssisəyə dövlət tərəfindən digər dəstək tədbirləri də göstərilib. Layihənin reallaşması üçün İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 6 milyon manat güzəştli kredit verilib.

Prezident İlham Əliyev zavodu işə salıb. İstehsal prosesi ilə yaxından tanış olan dövlət başçısına məlumat verilib ki, zavodda müxtəlif adlarda, geniş çeşiddə venadaxili dərman məhlulları istehsal olunacaq. Müəssisənin illik istehsal gücü 20 milyon litrdir. Qeyd olunub ki, ölkəmizin bu dərmanlara olan illik tələbatı isə təxminən 15 milyon litrdir. Rusiya, Gürcüstan və Orta Asiya ölkələrinə ixrac da nəzərdə tutulur. “Diamed” dərman zavodunda 100 iş yeri yaradılıb.