Azərbaycan

 

18 avqust 1991 – Görkəmli dilçi və ədəbiyyatşünas, şair, tərcüməçi, pedaqoq Əkrəm Cəfər (Əkrəm Səftər oğlu Cəfərov, 5.5.1905 – 1991) vəfat edib.

18 avqust 2006 – Prezident İlham Əliyev “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində tarix-memarlıq abidələrinin bərpası və qorunması haqqında” sərəncam imzalayıb.

 

19 avqust 1901 – Xalq artisti İsmayıl Hüseyn oğlu Hidayətzadə (1901 – 11.11.1951) anadan olub. Opera və Balet Teatrında “Koroğlu”, “Arşın mal alan” tamaşalarını səhnələşdirib. “Qız qalası” və “Almaz” filmlərində çəkilib.

19 avqust 1912 – Xalq şairi Mirvarid Paşa qızı Dilbazi (1912 – 13.7.2001) Qazax rayonunun Musaköy kəndində doğulub. “Məhəbbət”, “Partizan Aliyə”, “Ana ürəyi” poemaları, “Bənövşələr üşüyəndə”, “Yasəmən fəsli” və s. kitabların müəllifidir. Rus şairlərinin əsərlərini dilimizə tərcümə edib.

19 avqust 1920 – Əməkdar incəsənət xadimi, musiqişünas Lyudmila Vladimirovna Karagiçeva-Bretanitskaya (1920–2015) anadan olub. Bakı Musiqi Akademiyasında dərs deyib. Azərbaycan bəstəkarlarının yaradıcılığına dair tədqiqatların müəllifidir.

19 avqust 2002 – Prezident Heydər Əliyev görkəmli dirijor və bəstəkar Niyazinin 90 illiyi haqqında sərəncam imzalayıb.

19 avqust 2020 – Prezident İlham Əliyev görkəmli kinodramaturq, rejissor, Xalq artisti Həsən Seyidbəylinin 100 illiyi haqqında sərəncam imzalayıb.

 

20 avqust 1901 – Məşhur xanəndə, Xalq artisti Xan Şuşinski (İsfəndiyar Aslan oğlu Cavanşirov; 1901 – 18.3.1979) Şuşada doğulub. Muğamların bənzərsiz ifaçısı olmaqla yanaşı, “Şuşanın dağları”, “Məndən gen gəzmə”, “Ay gözəl” və s. mahnı və təsniflər bəstələyib.

20 avqust 1912 – Görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Niyazi (Niyazi Zülfüqar oğlu Hacıbəyov-Tağızadə; 1912 – 2.8.1984) anadan olub. “Xosrov və Şirin” operası, “Çitra” baleti, “Zaqatala süitası”, “Rast” simfonik muğamının müəllifidir.

20 avqust 1926 – Filosof, şair, tərcüməçi, Əməkdar elm xadimi, akademik Aslan Məhəmməd oğlu Aslanov (1926 – 23.8.1995) Qazax rayonunda doğulub. Dövlət İncəsənət Universitetinin rektoru olub.

20 avqust 1929 – Azərbaycanda diktorluq məktəbinin banilərindən biri, Əməkdar artist Aydın Çingiz oğlu Qaradağlı (1929 – 28.1.1980) anadan olub. 1946-cı ildən Azərbaycan Radiosunda çalışıb.

20 avqust 1932 – Ədəbiyyatşünas, yazıçı İslam Məmməd oğlu Ağayev (1932 – 27.1.2014) Bakının Bülbülə qəsəbəsində anadan olub.

20 avqust 1997 – Prezident Heydər Əliyev Azərbaycan professional vokal sənətinin banisi Bülbülün 100 illik yubileyi haqqında sərəncam imzalayıb. Təşkilat komitəsinə Bakıda vokalçıların Bülbül adına Beynəlxalq müsabiqəsini keçirmək tapşırılıb.

 

21 avqust 1927 – Əməkdar artist, skripkaçı, pedaqoq Tahir İsrafil oğlu Atakişiyev (1927 – 30.11.2012) Göyçay rayonunda anadan olub.

21 avqust 1930 – Əməkdar elm xadimi, ədəbiyyatşünas, akademik, Dövlət mükafatı laureatı Bəkir Əhməd oğlu Nəbiyev (1930 – 15.3.2012) Ağdaş rayonunun Üçqovaq kəndində doğulub. AMEA-nın Nizami adına Ədəbiyyat Muzeyinin, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru işləyib.

21 avqust 1951 – Əməkdar artist Təvəkkül Əjdər oğlu Əliyev (1951 – 23.1.2017) anadan olub. 1973-cü ildən Lənkəran Dövlət Dram Teatrında fəaliyyət göstərib, filmlərdə çəkilib.

21 avqust 2002 – Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Dövlət mükafatı laureatı Mikayıl Hüseyn oğlu Abdullayev (19.12.1921 – 2002) vəfat edib. Rəngkarlıq və bədii illüstrasiya üzrə məşhur əsərləri ilə yanaşı, “Nizami” metro stansiyasının bədii tərtibatının müəllifidir. “Hindistan” silsiləsinə görə Cəvahirləl Nehru mükafatına layiq görülüb.

 

22 avqust 1922 – Mədəniyyət xadimi Adelaida İrza qızı Məmmədova (1922 - 25.4.2015) Tiflisdə doğulub. Azərbaycan peşəkar vokal sənətinin banisi Bülbülün ömür-gün yoldaşı olub, sənətkarın memorial muzeyinin direktoru işləyib.

22 avqust 1937 – Əməkdar incəsənət xadimi, tanınmış heykəltaraş Eldar Heydər oğlu Zeynalov (1937– 13.1.2001) Bakıda anadan olub.

22 avqust 1978 – Tanınmış rəssam Həsən Əli oğlu Haqverdiyev (1917-1978) vəfat edib. Rəngkarlıq və qrafika əsərlərinin müəllifidir, teatr tamaşalarına səhnə tərtibatı verib.

 

23 avqust 1922 – Tarixçi alim, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü Əlövsət Nəcəfqulu oğlu Quliyev (1922 – 6.11.1969) anadan olub. Tarix İnstitutunun direktoru işləyib.

23 avqust 1943 – Görkəmli aktyor, Xalq artisti Şahmar Zülfüqar oğlu Ələkbərov (1943 – 12.8.1992) anadan olub. “Dağlarda döyüş”, “Yeddi oğul istərəm”, “Qatır Məmməd”, “Arxadan vurulan zərbə” və s. filmlərdə çəkilib. “Sahilsiz gecə”, “Qəzəlxan” filmlərinin quruluşçu rejissorudur, filmlərin səsləndirilməsində iştirak edib.

 

24 avqust 1896 – Sənətşünas alim Məhəmməd Ağaoğlu (1896-1949) İrəvan şəhərində anadan olub. 1920-ci ildə Türkiyəyə, oradan Amerikaya mühacirət edib. Miçiqan Universitetində dərs deyib, “İslam incəsənəti” jurnalının redaktoru olub.

24 avqust 1923 – Xalq artisti Lev Lazareviç Qruber (1923 – 30.4.1994) Rusiyanın Barnaul şəhərində doğulub. 40-cı illərdə Bakıya köçüb. Teatr İnstitutunu bitirdikdən sonra Rus Dram Teatrında çalışıb. Filmlərdə (“Uzaq sahillərdə”, “Bizim küçə”) çəkilib. 1990-cı ildə İsrailə köçüb, orada vəfat edib.

24 avqust 1926 – Əməkdar incəsənət xadimi, bəstəkar, musiqi redaktoru Nazim Ağalar oğlu Әliverdibәyov (1926 – 16.2.1985) Bakıda doğulub. “Mingəçevir” simfonik poeması, “Cırtdan” nağıl-operası və s. əsərlər, filmlərə musiqi yazıb.

24 avqust 1990 – Əməkdar mədəniyyət işçisi, aşıq Əkbər Zərbalı oğlu Cəfərov (1933-1990) vəfat edib. Tovuz rayonunun Bozalqanlı kəndində doğulub. “Leyli və Məftun” dastanının, çoxsaylı şeirlərin müəllifidir.

 

Dünya

 

18 avqust 1850 – Fransız yazıçısı Onore de Balzak (Honore de Balzac; 20.5.1799 – 1850) vəfat edib. “Bəşəri komediya” silsiləsindən əsərləri ilə şöhrət qazanıb.

 

19 avqust 1689 – İngilis yazıçısı, sentimentalizmin banilərindən biri Semuel Riçardson (Samuel Richardson; 1689–1761) anadan olub. “Klarissa”, “Çarlz Qrandison” romanlarının müəllifidir.

19 avqust 1909 – Polyak yazıçısı Yeji Andjeyevski (1909–1983) anadan olub. Əsərləri: “Cənnətin qapıları”, “Qaranlıq yeri örtür”, “Kül və almaz”.

19 avqust 1915 – Görkəmli türk şairi, jurnalist, pedaqoq Tofiq Fikrət (24.12.1867 – 1915) vəfat edib.

 

20 avqust 1847 – Polyak yazıçısı Boleslav Prus (əsl adı Aleksandr Qlovaski; 1847–1912) anadan olub. “Kukla”, “Firon” və s. romanların müəllifidir.

20 avqust 1901 – İtalyan şairi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1959) Salvatore Kvazimodo (1901–1968) anadan olub. “Həyat yuxu deyil”, “Qənirsiz yer” kitablarının müəllifidir.

 

21 avqust 1925 – Fransız kinorejissoru Moris Piala (Maurice Pialat; 1925–2003) anadan olub. Filmləri: “Çılpaq uşaqlıq”, “Lulu”, “Şeytanın günəşi altında” (Kann festivalının qalibi, 1987), “Van Qoq” və s.

 

22 avqust 1862 – Fransız bəstəkarı Klod Debüssi (Achille-Claude Debussy; 1862–1918) anadan olub. Əsərləri: “Pelleas və Melizanda” (opera), “Oyunlar” (balet), “Bahar” (simfonik süita) və s.

22 avqust 1920 – Amerikalı fantast-yazıçı Rey Bredberi (Raymond Douglas Bradbury; 1920–2012) anadan olub.

 

23 avqust 1851 – Çex yazıçısı Alois Yirasek (1851-1930) anadan olub. “Yan Qus” trilogiyası, “Yan Jijka” və s. tarixi romanların müəllifidir.

23 avqust 1880 – Rus yazıçısı Aleksandr Qrin (Aleksandr Qrinevski; 1880-1932) anadan olub. Əsərləri: “Al yelkənlər”, “Dalğalar üzərində qaçan”, “Qızıl zəncir” və s.

 

24 avqust 1899 – Argentina yazıçısı və şairi Xorxe Luis Borxes (Jorge Luis Borges; 1899-1986) anadan olub. Əsərləri: “Yaradan”, “Uydurmalar” və s.

Hazırladı: V.Orxan