Olaylar, faktlar (18–23 avqust)
509 il əvvəl...
23 avqust 1514-cü ildə Səfəvi dövlətinin başçısı Şah I İsmayılın qoşunları ilə Sultan I Səlimin (Sultan Səlim Yavuz) başçılıq etdiyi Osmanlı ordusu arasında Çaldıran düzündə (Maku şəhəri yaxınlığında) döyüş baş verib. Dövrün iki qüdrətli türk dövlətinin üzə-üzə gəldiyi döyüşdə Səfəvi ordusu məğlub olub. Çaldıran döyüşündə qələbə sayəsində Osmanlı dövləti Ərzurum daxil olmaqla Şərqi Anadolunu və Şimali Mesopotamiyanı (indiki Şimali İraq) ələ keçirib. Məğlubiyyət Səfəvilərin hərbi-siyasi nüfuzuna ağır zərbə vurub.
389 il əvvəl...
19 avqust 1634-cü ildə növbəti Səfəvi-Osmanlı müharibəsi (1623-1639) gedişində Sultan IV Muradın qoşunları İrəvan qalasını ələ keçiriblər. Lakin Osmanlı qoşunları İrəvan qalasını uzun müddət əlində saxlaya bilmədi. Qəsri-Şirin sülh müqaviləsinə (1639) görə, Qərbi Gürcüstan Osmanlı imperatorluğunun, İrəvan daxil olmaqla Qərbi Azərbaycan torpaqları və Şərqi Gürcüstan Səfəvi dövlətinin nəzarətində qaldı.
159 il əvvəl...
22 avqust 1864-cü ildə Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) yaranıb. Müharibə qurbanlarına humanitar yardım göstərilməsini ön görən təşkilatın təşəbbüsçüsü İsveçrə vətəndaşı Anri Dünan idi. Cenevrədə toplanan 12 dövlətin nümayəndələri müharibələr zamanı yaralı əsgərlərə yardım göstərilməsi haqqında konvensiyanı imzalayıblar.
104 il əvvəl...
18 avqust 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti ölkə sərhədlərinin mühafizəsi haqqında qanun qəbul edib. Hərbi Nazirliyi tərkibində Azərbaycanın ilk Sərhəd Qoşunları dəstəsi yaradılıb. Prezident Heydər Əliyevin 2000-ci il 16 avqust tarixli fərmanı ilə 18 avqust “Sərhəd qoşunları günü” elan edilib.
55 il əvvəl...
20 avqust 1968-ci ildə Çexoslovakiya ərazisinə sovet və “Varşava bloku”na daxil olan digər ölkələrin qoşunları yeridilib. Hərbi müdaxilə Çexoslovakiya Kommunist Partiyası rəhbərlərinin dəvəti üzrə həyata keçmişdi. Bununla “Praqa baharı”na (1968-ci ilin yazında Çexoslovakiya hökumətində baş verən dəyişikliklər, Moskvanın diktə etdiyi kursdan imtina) son qoyuldu.
32 il əvvəl...
19-21 avqust 1991-ci ildə SSRİ-də dövlət çevrilişinə cəhd baş verib. Krımda istirahətdə olan prezident Mixail Qorbaçov təcrid edilib, ölkəni idarə etmək üçün Dövlət Fövqəladə Vəziyyət Komitəsi (“QKÇP”) yaradılıb. “QKÇP” hakimiyyəti üç gün sürdü. Moskvada legitim hakimiyyətin müdafiəsinə qalxan əhali ilə hərbçilər arasında toqquşmada 3 nəfər həlak oldu. Avqustun 22-də dövlət çevrilişinə cəhdin başında duran qrup (DTK sədri V.Kryuçkov, müdafiə naziri D.Yazov, vitse-prezident G.Yanayev və s.) həbs olundu. Daxili işlər naziri B.Puqo intihar etdi. “QKÇP” SSRİ-nin dağılmasını sürətləndirdi.
31 il əvvəl...
20 avqust 1992-ci ildə Azərbaycan ərazisindən sovet (Rusiya) qoşunlarının çıxarılması ilk olaraq Naxçıvandan başlanıb. Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilən qərara və müvafiq razılaşmaya əsasən, keçmiş SSRİ ordusunun 75-ci motoatıcı diviziyasının heyəti muxtar respublikanı tərk edib, əmlakı isə Azərbaycan Ordusunun Naxçıvandakı hissələrinə verilib.
30 il əvvəl...
22 avqust 1993-cü ildə Lənkəranda Ələkram Hümbətovun qondarma rejiminə (“Talış-Muğan Respublikası”) qarşı xalqın kütləvi aksiyası başlanıb. Ali Sovetin sədri, Prezident səlahiyyətlərini icra edən Heydər Əliyevin televiziya ilə müraciətindən sonra minlərlə sakin dövlətçiliyin müdafiəsi üçün mitinqə çıxıb. Mitinq Ə.Hümbətovun dəstəsi tərəfindən atəşə tutulub, 3 nəfər həlak olub. Cinayətkar dəstəsi ilə dağlara qaçan Ə.Hümbətov həmin ilin payızında ələ keçirildi.
23 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri Azərbaycanın Cəbrayıl və Füzuli rayonlarının mərkəzlərini və kəndlərinin böyük hissəsini işğal edib. Həmin ilin oktyabrında hər iki rayon bütünlüklə işğal altına düşdü. 1994-cü ilin yanvarında Azərbaycan Ordusu Füzulinin Arazboyu kəndlərini və Horadiz qəsəbəsini düşməndən azad etdi. 2016-cı ilin Aprel döyüşlərində qalibiyyət sayəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakinləri doğma yurda qayıtdılar. 2020-ci ilin 44 günlük Vətən müharibəsində Cəbrayıl (4 oktyabr) və Füzuli (17 oktyabr) şəhərləri, hər iki rayonun bütün kəndləri işğaldan azad edildi.
Hazırladı: V.Orxan