Azərbaycanın və keçmiş SSRİ-nin Xalq artisti, Dövlət mükafatları laureatı Niyazinin anadan olmasının 111-ci ildönümü maestronun mənzil-muzeyində də qeyd edilib.
Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova sənətkarın həyat və yaradıcılığı haqqında söz açıb. Vurğulayıb ki, milli dirijorluq məktəbinin formalaşması və az vaxtda böyük inkişaf yolu keçməsi Niyazinin adı ilə bağlıdır. Maestro Azərbaycan bəstəkarlarının əsərlərinin təbliğində, beynəlxalq aləmdə şöhrət qazanmasında müstəsna xidmətlər göstərib. Həmçinin bəstəkar kimi musiqi sənətimizə dəyərli töhfələr verib. Niyazinin “Xosrov və Şirin” operası, “Rast” simfonik muğamı, “Çitra” baleti və digər əsərləri musiqi xəzinəmizin inciləridir.
Mərasimdə Ulu öndər Heydər Əliyevin maestro Niyazinin 90 illik yubileyindəki çıxışından videoyazı nümayiş olunub.
Tədbir Musiqi Akademiyasının professoru, Xalq artisti, pianoçu Ülviyyə Hacıbəyova, Sevinc İbrahimova (vokal), Mircəfər Mövsümzadə (tar), beynəlxalq müsabiqələr laureatı Nəriman Əmiraslanovun (fortepiano) ifalarında konsert proqramı ilə davam edib.
Maestronun qohumu Sahib Qədimov tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkür edib.
***
Niyazinin anadan olmasının 111-ci ildönümündə Mədəniyyət Nazirliyinin nümayəndələri, muzey əməkdaşları, mədəniyyət xadimləri sənətkarın Fəxri xiyabandakı məzarını ziyarət ediblər.