“Heydər Əliyev İli” münasibətilə bölgələrdə müxtəlif səpkili tədbirlər keçirilir, Ulu öndərin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətləri minnətdarlıqla yada salınır.
Qax rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyevin fəaliyyət illəri” adlı tədbir təşkil edilib. Əvvəlcə Ulu öndərin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra dahi siyasətçinin həyatı, xalqımız üçün göstərdiyi xidmətlər haqqında məruzələr dinlənilib, sənədli film nümayiş etdirilib.
***
Şirvan şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyevin həyata keçirdiyi davamlı inkişaf siyasəti” adlı tədbir gerçəkləşib. Tədbirdə Ümummilli liderin həyat və siyasi fəaliyyətinə həsr olunan film nümayiş etdirilib.
***
Astara Tarix-Diyarşünaslıq Muzeyində “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib. Çıxışlarda Heydər Əliyevin ölkəmizdə gənclər siyasətinin əsasını qoymasından, gənclərə daim xüsusi diqqət və qayğı göstərməsindən bəhs edilib. Qeyd olunub ki, Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun davam etdirilir.
Yardımlı rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyevin dövlət-din siyasəti: multikulturalizm və tolerantlıq ənənələri” mövzusunda tədbir təşkil edilib. Qeyd olunub ki, Heydər Əliyev tolerantlıq siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edib. Ulu öndər Azərbaycanda yaşayan qeyri-müsəlman icmalarına qarşı həmişə hörmət və ehtiram göstərib, adət-ənənələrinə qayğı ilə yanaşıb.
***
Naftalan şəhər Heydər Əliyev Mərkəzində “Mən fəxr edirəm ki, azərbaycanlıyam” adlı yay düşərgəsi təşkil olunub. Əvvəlcə iştirakçılar Heydər Əliyev Mərkəzində Ulu öndərin həyat və siyasi fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən eksponatlarla tanış olublar. İştirakçılar arasında intellektual yarış keçirilib.
Nurəddin Məmmədli