Masallı rayon Mərkəzi Kitabxanasında Vətən müharibəsinin şəhid giziri İntiqam Əsgərlinin doğum günü ilə əlaqədar “Şəhidlər unudulmur” mövzusunda tədbir keçirilib. Əvvəlcə Ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxışlarda şəhid qəhrəmanın həyatı və döyüş yolu haqqında məlumat verilib. Qeyd olunub ki, 1990-cı il avqustun 16-da Masallı rayonunun Viləş kəndində dünyaya göz açan İntiqam Əsgərli Vətən müharibəsində Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub və noyabrın 9-da qəhrəmancasına şəhid olub. Ölkə başçısının müvafiq sərəncamlarına əsasən, ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Şuşa, Xocavənd və Kəlbəcərin azad olunmasına görə medalları ilə təltif olunub. Masallı şəhərinin küçələrindən biri İntiqam Əsgərlinin adını daşıyır.

***

Yevlaxda 44 günlük Vətən müharibəsinin şəhid baş leytenantı Ceyhun Əyyubovun doğum günü münasibətilə xatirəsi anılıb.

Əvvəlcə tədbir iştirakçıları Yevlax şəhərindəki Şəhidlər xiyabanına gələrək Ceyhun Əyyubovun məzarını ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra şəhidin yaşadığı evdə onun həyat və döyüş yolunu əks etdirən fotoların və müxtəlif məlumatların yer aldığı muzeyin açılışı olub.

Yevlax şəhər 4 nömrəli tam orta məktəbin şagirdləri vətənpərvərlik mövzusunda şeirlər söyləyib, ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.

Bildirilib ki, Ceyhun Əyyubov Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Ölkə başçısının müvafiq sərəncamlarına əsasən, ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub. Şəhidin adı yaşadığı küçəyə verilib.

***

Balakən rayon MKS-nin Yeni Şərif kənd kitabxana filialı və kənd Sənətkarlıq evinin əməkdaşları Vətən müharibəsi şəhidi Nəcməddin Sarkayevin ailəsini və məzarını ziyarət ediblər.

Bildirək ki, Nəcməddin Əli oğlu Sarkayev 1999-cu il oktyabrın 9-da Balakən rayonunun Şərif kəndində anadan olub. 44 günlük Vətən müharibəsi zamanı Ağdərə və Suqovuşanın azadlığı uğrunda döyüşlərdə iştirak edib. 2020-ci il noyabrın 5-də Ağdərə döyüşləri zamanı şəhid olub. Ölkə başçısının müvafiq sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Nurəddin Məmmədli