Azərbaycan Respublikasının sərhəd mühafizə orqanları əməkdaşlarının peşə bayramı günü (18 avqust) münasibətilə bölgələrdə bir sıra tədbirlər təşkil olunub.
M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Kiçik Dəhnə kənd Diyarşünaslıq klubunda şəhər MKS-nin 19 nömrəli kitabxana filialı ilə birgə “Vətən sərhəddən başlanır” mövzusunda tədbir keçirilib. Çıxış edənlər sərhədlərimizin təhlükəsizliyinin təmin olunmasında əsl rəşadət göstərən igidlərimizin vətənimizin keşiyində hər zaman ayıq-sayıq durduğunu qeyd ediblər. Sonda şagirdlərin ifasında şeirlər səsləndirilib.
Şəmkir rayon Zəyəm qəsəbə və Düyərli kənd Mədəniyyət evlərinin birgə təşkilatçılığı ilə rayon ərazisində yerləşən N saylı hərbi hissədə konsert proqramı keçirilib.
Dövlət Sərhəd Xidmətinin Lənkəran şəhərindəki N saylı hərbi hissəsində bayram tədbiri keçirilib. Lənkəran şəhər Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivləri geniş konsert proqramı ilə çıxış ediblər.
Masallı rayon Mərkəzi Kitabxanasında “Vətənin sərhədləri etibarlı əllərdədir” mövzusunda tədbir keçirilib. Çıxışlarda əlamətdar günün tarixi haqqında məlumat verilib. Qeyd olunub ki, Prezident Heydər Əliyevin 2000-ci il 16 avqust tarixli sərəncamı ilə avqustun 18-i “Azərbaycan Respublikasının sərhəd mühafizə orqanları əməkdaşlarının peşə bayramı günü” elan edilib.
Cəlilabad rayon Mədəniyyət Mərkəzi, Göytəpə şəhər, Seyidbazar kənd Mədəniyyət evlərinin, 3 və 4 saylı şəhər klublarının birgə təşkilatçılığı ilə Göytəpə şəhərinki N saylı hərbi hissədə konsert proqramı keçirilib. Konsertdə əsgər və zabitlərin, qonaqların zövqünü oxşayan rəngarəng musiqi nömrələri ifa olunub.
N.Məmmədli