“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq, yenidən salınacaq Cəbrayıl rayonunun Horovlu kəndinin konseptual layihəsi hazırlanıb.
Bu barədə Şərqi Zəngəzur 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat verilib.
Layihə təbiətlə ahəngdə – dayanıqlı kənd, yaşıl enerji, dayanıqlı nəqliyyat prinsiplərinə uyğun şəkildə hazırlanıb.
Xatırladaq ki, Prezident İlham Əliyev 2023-cü il mayın 4-də Cəbrayıl rayonuna səfəri zamanı yenidən salınacaq üç yaşayış məntəqəsinin – Xudafərin qəsəbəsinin (tarixi Xudafərin körpüləri yaxınlığında, yeni dəmiryolu xəttindən və avtomobil yolundan 7 kilometr məsafədə), Şükürbəyli kəndinin və Horovlu kəndinin təməli qoyulub.
Horovlu kəndində layihələndirilən ümumi ərazi 248,1 hektardır. Perspektivdə kənddə 867 ailənin yaşaması nəzərdə tutulub. Baş plana əsasən, köhnə Horovlunun ərazisini əhatə edən bu kənd ərazi vahidinə görə bir-birinə yaxın olan Çapand, Safarşa, Fuğanlı və Həsənqaydı kəndləri ilə birlikdə layihələndirilib. Birinci mərhələdə 334 fərdi evin tikilməsi planlaşdırılır. Evlər iki, üç, dörd və beş otaqlı olacaq.