Rusiyada yaşayan azərbaycanlı pianoçu və bəstəkar Riad Məmmədov “Live at The Pushkin Museum” albomunun işıq üzü görməsi münasibətilə Moskvada xüsusi konsert proqramı ilə çıxış edib. Konsert “Muzeon” parkında təşkil olunub.

“For All We Know” (“Bildiyimiz qədər”) adlı konsert proqramında musiqiçinin həm pianoçu, həm bəstəkar kimi axtarışları, eləcə də müxtəlif əsrlərin klassik bəstələrinin günümüzün musiqisində, o cümlədən kinofilmlər üçün musiqidə öz əksini necə tapması barədə düşüncələri ifadə olunub.

Konsert proqramına Yohann Sebastian Bax, Vaqif Mustafazadə, Con Kuts, Mişel Petruççiani və digər bəstəkarların əsərləri daxil edilib.

Riad Məmmədov konsertin birinci hissəsində Baxın əsərlərini öz improvizələri ilə təqdim edib. Daha sonra proqram caz standartlarının ifası ilə davam edib. Caz standartları, muğam, eləcə də Riad Məmmədovun öz pyesləri bir daha nümayiş etdirib ki, musiqi müxtəlif ola bilər, lakin o, həmişə insanları birləşdirir.