Müslüm Maqomayevin 81 yaşı məzarı başında və abidəsi önündə qeyd olundu

 

Ey əziz anam, Azərbaycan!
Sənə bağlıyam, Azərbaycan!
Ömrümün mənasısan,
Qardaşlıq dünyasısan,
Anamın anasısan, Azərbaycan…

Xalq şairi Nəbi Xəzrinin misralarını dillər əzbərinə çevirən və bu sözlərə əbədi sənət ömrü bəxş edən onun ecazkar musiqisi və bənzərsiz səsi oldu...

Avqustun 17-də Azərbaycanın dünya şöhrətli opera və estrada müğənnisi, bəstəkar Müslüm Maqomayevin (1942-2008) anadan olmasının 81-ci ildönümü tamam oldu.

Azərbaycanın musiqi mədəniyyəti salnaməsinə parlaq səhifələr yazmış Müslüm Maqomayev zəngin və rəngarəng repertuara malik ifaçı idi. Bu zənginlikdə onun özünün  bəstələri də xüsusi yer tutur. Qüdrətli sənətkar opera ifaçılığının ecazkar nümunələrinə vokalçı kimi öz möhürünü vurmaqla bərabər, milyonlarla musiqisevərin rəğbətlə qarşıladığı mahnıların müəllifidir. Bizim üçün isə onun şah əsəri himnimiz qədər möhtəşəm səslənən “Azərbaycan” (“Baharlı yurdum”) mahnısıdır.

O, doğulduğu torpağı çox sevirdi. Bakıya, ona layla çalan mavi Xəzərə də gözəl mahnılar həsr etmişdi. Onun heyrətamiz səsi insan qəlbinin fövqəladə təsirə malik çırpıntılarını ifadə etməyə qadir idi. Səsinin pərəstişkarlarının alqış sədaları məşhur konsert və tamaşa salonlarını titrədirdi. Bu gün də o səs qəlbləri riqqətə gətirir. Dünyadan on beş il əvvəl cismən köçən sənətkar səsi ilə əbədi yaşayacaq...

SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 81-ci ildönümü münasibətilə avqustun 17-də Mədəniyyət Nazirliyinin rəsmiləri, mədəniyyət və incəsənət xadimləri 1-ci Fəxri xiyabanda sənətkarın məzarını ziyarət ediblər.

Mədəniyyət nazirinin müavini Murad Hüseynov populyar mahnılarla yanaşı, klassik əsərləri, filmlərə yazılmış mahnıları məharətlə səsləndirən sənətkarın dünya musiqisində tutduğu yer, onun parlaq və zəngin yaradıcılığı barədə danışıb, Müslüm Maqomayevin doğma Azərbaycana bağlılığından söz açıb.

Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti Fərhad Bədəlbəyli Müslüm Maqomayevin bənzərsiz ifaçılığından bəhs edib: “O, fantastik musiqiçi idi. Bu gün səhər mən onun vaxtilə Fransa səhnəsində ifa etdiyi Fiqaronun ariyasına qulaq asdım. Çox cəsarətlə deyə bilərəm ki, Fiqaronun ariyasını bu cür ifa edə bilən ikinci sənətkar tapmaq olmaz. O, dünyanın ən yaxşı vokal ifaçıları ilə bir sırada dayanan sənətkar idi. Buna görə də dünyanın hər yerində sevilirdi. Bütün bunlarla yanaşı, o, çox təvazökar və sadə idi”, – deyə Xalq artisti Fərhad Bədəlbəyli bildirib. O, M.Maqomayevin təkcə müğənni yox, həm də heykəltaraş, pianoçu, rəssam, bəstəkar kimi də parlaq istedada malik olduğunu qeyd edib.

Azərbaycan Rəssamlar İttifaqının sədri Xalq rəssamı Fərhad Xəlilov onun zahiri ilə daxili aləminin gözəlliyinin vəhdət təşkil etdiyini, başdan-ayağa musiqi olduğunu söyləyib: “Şübhəsiz ki, Müslüm çox böyük istedad sahibi idi. O, peşəkar vokal müğənnisi kimi zaman-zaman ürəklərdə, xatirələrdə yaşayacaq. Müslüm öz təvazökarlığı və ürək açıqlığı ilə də həmişə xatırlanmağa, yad edilməyə layiq sənətkardır”.

Sənətkarın ömür-gün yoldaşı, SSRİ Xalq artisti, məşhur opera müğənnisi Tamara Sinyavskaya çıxışına bu sözlərlə başlayıb: “Hər dəfə Müslümün ad günündə onu sevən, xatirəsinin işığına toplaşan çoxsaylı sənətsevərləri görəndə tüklərim biz-biz olur. Çox sağ olun ki, onu belə sevir və yüksək dəyər verirsiniz. İnanın ki, bu izdihamı, onun yaradıcılığının bu qədər pərəstişkarını görəndə həmişə həyəcanlanıram”.

O daha sonra deyib: “Mən hər il iki-üç dəfə Bakıya gəlirəm, əvvəllər demək olar ki, hər ay gəlirdim. İndi səhhətim imkan verdiyi təqdirdə ildə iki dəfə, ən azı bir dəfə gəlirəm, çünki mən onunla nəfəs alıram. Onun olduğu hər yer mənə doğmadır – istər Bakı, istər Moskva, istər konsert salonları, istərsə də ev... O, bir an da olsa, məndən ayrılmır, həmişə, hər yerdə mənimlədir...”.

Çıxış edənlər ötən əsrin 60-70-ci illərində böyük şöhrət tapan Müslüm Maqomayevin hər zaman anşlaqla keçən çıxışlarından, qastrol səfərlərindən də söz açıb, onu sovet estradasının son yarım əsrdəki ən parlaq ulduzu kimi xarakterizə ediblər.

***

Müslüm Maqomayevin anadan olmasının 81-ci ildönümü avqustun 17-də axşam saatlarında Dənizkənarı bulvarda, sənətkarın abidəsi önündə də qeyd edilib. Azərbaycanın tanınmış vokal ifaçıları burada improvizə olunmuş konsert proqramı ilə çıxış ediblər. Müslüm Maqomayevin repertuarından seçmələr, məşhur bəstələri səslənib. Sonda sənətçilər birlikdə Müslüm Maqomayevin əzəmətli “Azərbaycan” mahnısını oxuyublar.

İmprovizə olunmuş proqram abidə ətrafına toplaşan yüzlərlə şəhər sakini və Bakının qonaqları tərəfindən alqışlarla qarşılanıb.