Azərbaycan və Özbəkistan xalqları arasında dostluq münasibətləri zamanın sınağından keçərək bugünkü yüksək səviyyəyə çatıb. Müasir dövrdə hər iki ölkə liderlərinin siyasi iradəsinin nəticəsində ölkələrimiz arasında münasibətlər də inkişaf etdirilib.

Bunu qardaş ölkənin rəsmi nümayəndə heyətinin tərkibində Azərbaycana gələn Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov deyib.

Mədəni əlaqələrdən bəhs edən nazir 1-4 avqust tarixlərində Bakıda Özbəkistan mədəniyyəti günlərinin uğurla keçdiyini deyib: “Bu tədbirlərdə Azərbaycan xalqının Özbəkistan mədəniyyətinə böyük marağının şahidi olduq. Özbəkistanda Azərbaycan mədəniyyəti, mahnıları çox sevilir. Ölkəmizdə hər bir şənlikdə Azərbaycan mahnıları səsləndirilir”.

Nazir deyib ki, əməkdaşlığın genişləndirilməsi üçün ötən müddətdə iki ölkənin Mədəniyyət nazirlikləri arasında kifayət qədər geniş sənədlər paketi imzalanıb. Bu sənədlər kino, teatr, ədəbiyyat, muzey kimi sahələri əhatə edir və ölkələrimiz arasında əlaqələri yeni səviyyəyə qaldıracaq.

Ozodbek Nazarbekov vurğulayıb ki, Özbəkistan tərəfin Füzuli şəhərində də inşa etdiyi məktəb də qardaşlıq münasibətlərimizin göstəricisidir: “Buna qardaş Azərbaycan xalqının isti münasibətini görürük. Bu cür işlərin görülməsi də öz növbəsində ölkələrimiz arasında dostluq münasibətlərinin daha da möhkəmləndirilməsində rol oynayacaq”.