Festivalda Azərbaycan da təmsil olunur...

 

22 avqust – 6 sentyabr tarixlərində Rusiyanın Həştərxan şəhərində “Xəzər mövsümləri – 2023” klassik incəsənət festivalı keçirilir. Ənənəvi festival Rusiya Federasiyasının “Mədəniyyət” milli layihəsi (2019-2024) çərçivəsində təşkil olunub. İki həftə ərzində məşhur ifaçı və kollektivlər həştərxanlıları və şəhərin qonaqlarını Xəzəryanı ölkələrin incəsənəti ilə tanış edəcəklər.

Həştərxan Kremlinin Kilsə meydanında keçirilən açılış konsertində Xəzəryanı dövlətlərin simfonik orkestri çıxış edib. Orkestrin heyətinə Rusiya, Qazaxıstan, Azərbaycan, Türkmənistan və İrandan ümumilikdə 60-dan çox musiqiçi daxildir. Baş dirijor Mixail Qolikovun rəhbərliyi altında kollektiv rusiyalı və xarici müəlliflərin əsərlərini səsləndirib.

Orkestrin müşayiəti ilə tanınmış opera müğənniləri – Böyük Teatrın (Moskva) solisti, Rusiyanın Əməkdar artisti İldar Abdrazakov, beynəlxalq müsabiqələrin laureatı, Mariinski Teatrının (Sankt-Peterburq) opera truppasının solisti Olqa Pudova, Azərbaycanın Xalq artisti, vokalçı Elçin Əzizov, eləcə də iranlı bəstəkar və musiqiçi Mehdi Hüseyni, Qazaxıstanın Əməkdar incəsənət xadimi, “Astana Opera”nın solisti Nurlan Bekmuhambetov, Türkmənistanın Əməkdar artisti Leyli Okdirova çıxış ediblər.

Festival çərçivəsində avqustun 24-də Həştərxan Filarmoniyasında Xəzəryanı ölkələri bəstəkarlarının forumu keçirilib.

Avqustun 25-dən 28-dək Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan günləri təşkil olunacaq. Azərbaycan günündə tanınmış tarzən, caz musiqiçisi Arslan Növrəsli çıxış edəcək.

Avqustun 29-da isə nüfuzlu beynəlxalq müsabiqələrin gənc qalibləri Həştərxan Opera və Balet Teatrında Rusiyanın Xalq artisti, pianoçu Denis Masuyevlə eyni səhnəni bölüşəcəklər.

Həştərxan Vilayəti Mədəniyyət Nazirliyinin məlumatına görə, hər iştirakçı ölkəyə həsr olunan konsertlərdən əlavə festival çərçivəsində sentyabrın 2-də və 3-də Həştərxan Kremlində ilk milli rus operası – M.İ.Qlinkanın “İvan Susanin” operası təqdim olunacaq. Açıq havada göstəriləcək tamaşa üçün xüsusi olaraq 200-dən artıq kostyum tikilib. Əsas partiyaları Həştərxan Opera və Balet Teatrının solistləri, eləcə də ölkənin aparıcı teatrlarından dəvət olunmuş ifaçılar səsləndirəcək. Yeri gəlmişkən, operaya onlayn-yayımda da baxmaq mümkün olacaq.

“Xəzər mövsümləri – 2023” proqramına sentyabrın 6-da Böyük Teatrın prima balerinası, Rusiyanın Xalq artisti Svetlana Zaxarovanın iştirakı ilə konsert yekun vuracaq.