Olaylar, faktlar (24–28 avqust)

 

952 il əvvəl...

 

26 avqust 1071-ci ildə Sultan Alp Arslanın başçılıq etdiyi Səlcuq ordusu ilə Bizans imperatoru Romen Diogenin qoşunları arasında Malazgird döyüşü (Türkiyənin indiki Muş vilayətinin ərazisi) baş verib. Alp Arslanın 50 minlik süvari ordusu bizanslıların 200 minlik qoşunu üzərində qələbə çalıb. Bu qələbədən sonra türklərin Səlcuqlar dövləti Qafqaz-Yaxın Şərq regionunda hegemon gücə çevrilib.

 

451 il əvvəl...

 

24 avqust 1572-ci ildə tarixə dəhşətli qətliamlardan biri kimi düşmüş “Varfolomey gecəsi” baş verib. Həmin gecə (Müqəddəs Varfolomey günü ərəfəsində) Parisdə katoliklər protestant təriqətinə mənsub olan quqenotları (fransızca “eyguenot” – silahdaş, yoldaş) kütləvi şəkildə qətlə yetiriblər. Fransa kraliçası Katerine Mediçinin əmri ilə həyata keçirilən qırğın əslində Vatikanın planı idi. Katolik kilsəsinin rəhbərliyi xristianlıqda mütərəqqi cərəyan kimi yayılan protestantlıqla bu cür üsullarla mübarizə aparırdı. Müxtəlif tarixi qaynaqlara görə, “Varfolomey gecəsi”ndə Parisdə 3 min, ümumilikdə Fransada 30 minədək quqenot məhv edilmişdi.

 

445 il əvvəl...

 

24 avqust 1578-ci ildə Səfəvi-Osmanlı müharibələrinin ikinci mərhələsi (birinci mərhələ 1555-ci ildə Amasya sülhü ilə yekunlaşmışdı) başlanıb. Çıldır döyüşündə Səfəvi qoşunlarına qalib gələn Osmanlı qüvvələri Tiflisi ələ keçiriblər. Lakin bir qədər sonra (sentyabr) Səfəvi qoşunları Tiflisi geri alıb, Osmanlı ordusunun şimal-qərbi Azərbaycan torpaqlarına irəliləməsinin qarşısı alınıb.

 

105 il əvvəl...

 

28 avqust 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası xalq maarifinin, orta məktəblərin milliləşdirilməsi, ölkənin bütün məktəblərində türk (Azərbaycan) dilinin icbari qaydada tədrisi barədə qərar qəbul edib.

 

32 il əvvəl...

 

27 avqust 1991-ci ildə Bakı Şəhəri Xalq Deputatları Sovetinin qərarı ilə şəhərin mərkəzi (Lenin adına) meydanında Vladimir Leninin heykəli sökülüb. Meydana Azadlıq adı verilib.

 

31 il əvvəl...

 

28 avqust 1992-ci ildə Ballıqaya qətliamı baş verib. Laçın rayonunun işğalından sonra Goranboy rayonunun Ballıqaya kəndi yaxınlığında çadırda məskunlaşan altı ailənin üzvləri – 24 nəfər gecə yatdıqları yerdə əraziyə basqın edən erməni silahlı dəstəsi tərəfindən amansızcasına qətlə yetirilib. Daha sonra çadırlara od vurulub, meyitlərin əksəriyyəti yandırılıb.

 

21 il əvvəl...

 

24 avqust 2002-ci ildə Azərbaycanda Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi ilə bağlı referendum keçirilib. Referendum aktında Konstitusiyanın 24 maddəsi üzrə 39 dəyişiklik (o cümlədən zərurət yarandığı halda Prezident səlahiyyətlərinin Milli Məclisin sədrinə deyil, Baş nazirə keçməsi) təklif olunmuşdu. Rəsmi nəticələrə əsasən, dəyişikliklər paketinin lehinə (ayrı-ayrı bloklar üzrə) 96-97 faiz səs verilmişdi.

Hazırladı: V.Orxan