Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...

(əvvəli ötən sayımızda)

 

1995-ci il 10 iyun

 

Heydər Əliyev Prezident Sarayında böyük şair və dramaturq Hüseyn Cavidin məqbərəsinin və ev-muzeyinin yaradılması ilə bağlı keçirilən müşavirədə çıxış edib.

“... Biz 1981-ci ildə Hüseyn Cavidin 100 illiyi haqqında qərar qəbul etdik. Ancaq təəssüf ki, o vaxt nəzərdə tutulmuş tədbirlərin bəziləri indiyədək həyata keçirilməyib...

Hüseyn Cavidin cənazəsini Sibirdən gətirərkən geniş müzakirələr oldu və nəhayət, bu müzakirələr belə nəticə verdi ki, o, Naxçıvanda – anadan olduğu yerdə dəfn olunsun... qəbri də böyük bir məqbərə olsun. Ancaq təəssüf ki, sonrakı illərdə məqbərə də tikilməyib, hətta qəbrin üstü də götürülməyib...

Hüseyn Cavidin ev-muzeyi haqqında da qərar qəbul etmişdik. Mən keçmiş təcrübədən bilirəm ki, respublika miqyasında bunlar o qədər də böyük iş deyil. Buna sadəcə münasibət, istək lazımdır.

Məsələn, biz Cəlil Məmmədquluzadənin ev-muzeyinin yaradılması haqqında da qərar qəbul etmişdik. Onun yaşamış olduğu evdəki vətəndaşlara, onların qohumlarına 1981-1982-ci illərdə başqa yerlərdə mənzillər verdik. Yəni Cəlil Məmmədquluzadənin yaşadığı ev hələ o vaxt boşaldılmışdı, ancaq bu muzey yaranmamışdı. Həmin muzeyi biz keçən il yaratdıq...

İndi mənə deyirlər ki, Hüseyn Cavidin muzeyi üçün iki-üç otaq ayırıblar, ancaq bu, ev-muzeyi səviyyəsində deyil... Hüseyn Cavid tariximizdə böyük bir şəxsiyyətdir və böyük bir irs qoyub. Xalqımız, tariximiz nə qədər yaşayacaqsa, Hüseyn Cavidin irsi də o qədər yaşayacaq. İndi onun ev-muzeyini yaratmaq üçün bu onun üstünə, o bunun üstünə atır. İki-üç otağın verilməsini həll etmək böyük bir məsələ deyil ki? Ona görə də mən bir çox adamları da buraya dəvət etmişəm ki, bütün bunları həll edək.

1981-ci ildə qərar qəbul etmişdik ki, Bakıda Hüseyn Cavidin abidəsi qoyulsun. Heykəltaraş Ömər Eldarov bu işə başlamışdı və o vaxt onun emalatxanasında eskizlərlə tanış olmuşdum. Nəhayət, uzun müddətdən sonra abidə qoyulub. Ancaq mənə deyilənə görə, həmin abidə kompleksi hələ tamamlanmayıb. İndi görürəm ki, bu məsələyə də qarışmasam, həll olunmur...

Biz indi bu layihələrə baxacağıq, ancaq mən ümumi fikrimi demək istəyirəm. Əslində bu fikir 1981-ci ildə də var idi... Nizami Gəncəvinin qəbri üzərində vaxtilə bir məqbərə düzəldilmişdi. Dahi şairin 840 illik yubileyi münasibətilə həmin məqbərə yenidən quruldu.

Biz Şuşada Molla Pənah Vaqifin qəbri üzərində gözəl bir məqbərə yaratdıq... Təəssüf ki, indi Şuşa işğal altındadır. Ancaq mən əminəm ki, Şuşa işğaldan azad olunacaq və Molla Pənah Vaqifin məqbərəsi də öz xalqımıza qayıdacaq...

Əgər keçmişi götürsək, Naxçıvanda çox böyük bir tarixi məqbərə vardır – dahi memar Əcəmi Naxçıvaninin əsəri. Bu, Möminə xatın məqbərəsidir. Bu, Azərbaycanın memarlıq tarixində, sənətində ən görkəmli yerlərdən birini tutur. Bəs indiki nəsillər nə üçün belə abidələr yaratmasın? Ona görə də Hüseyn Cavidin cənazəsi Sibirdən gətiriləndə mən məhz bu fikrin tərəfdarı oldum ki, onun qəbri Naxçıvanda olsun, bir tərəfdə Əcəmi Naxçıvaninin yaratdığı Möminə xatın məqbərəsi, o biri tərəfdə isə XX əsrdə bizim nəslin yaratdığı Hüseyn Cavid məqbərəsi...

Ona görə də istəyirəm ki, bu həm böyük memarlıq abidəsi, həm də Hüseyn Cavidin xatirəsinə layiq məqbərə olsun… Əsas fikrim belədir: qəbir məqbərənin içində olsun və orada elə bir şərait yaradılsın ki, insan girib orada ziyarət edə bilsin, qəbrin yanında dursun, düşünsün... Məqbərənin miqyası da buna uyğun olmalıdır. Həm də burada Azərbaycanın milli memarlıq ənənələri nəzərə alınmalı və orada bunun nişanələri olmalıdır... Müasirlik də olsun, ancaq milli memarlıq ənənələri də unudulmasın. Həm gözəl, həm də sadə olsun. Gözəllik eyni zamanda sadə olanda daha gözəl görünür...”.

 

1995-ci il 26 iyun

 

Heydər Əliyev şair Fikrət Qocanın 60 illik yubileyinə həsr olunmuş gecədə iştirak edib. Sonra Azərbaycanın bir qrup yazıçı və şairi ilə görüşüb söhbət edib.

 

1995-ci il 5 iyul

 

Heydər Əliyev Xalq şairi Xəlil Rza Ulutürkün vəfatının birinci ildönümünə həsr olunmuş xatirə gecəsində çıxış edib.

 

1995-ci il 8 iyul

 

Prezident Heydər Əliyevin fərmanı ilə Azərbaycan milli teatr sənətinin inkişafında xidmətlərinə görə Amaliya Pənahova “Şöhrət” ordeni ilə təltif edilib.

Heydər Əliyev Xalq artisti Amaliya Pənahovanın 50 illik yubiley gecəsində çıxış edib.

“... Sənətdə hər kəsin öz yeri var. Heç kəs kiminsə yerini almır. Xalq, ictimaiyyət, eləcə də dövlət sənət adamlarına mədəniyyətimizdə tutduqları yerə görə qiymət verir. Mən istəyirəm ki, mədəniyyətimizdə birlik olsun və bu da xalqımızı birləşdirsin.

Son illərdə xalqımızın içərisində parçalanma olmuşdur. Bu da böyük faciələrə gətirib çıxarmışdır. Ona görə də indi xalqımızın birliyinə daha çox ehtiyac vardır. Xalqı isə həmişə mənəviyyat birləşdirmişdir. Çünki başqa əsaslara nisbətən mənəvi əsaslar daha güclüdür...

Bu gün Amaliya xanımın yubileyidir. Bir müddətdən sonra başqa bir incəsənət xadimimizin yubileyi olacaqdır. Sıx olun, bir-birinizə kömək edin, arxa olun. Əl-ələ verib birlikdə işləməliyik. Mən bunu istəyirəm. Xırdaçı adamlar həmişə olur. Həyat mürəkkəbdir... Mən belə hesab edirəm ki, tarix hər şeyi öz yerinə qoyacaqdır. Bu gün əgər birisi o birisinə nə isə acı bir söz deyibsə, güman edirəm ki, bu unudulacaqdır. Mən şəxsən hamının barışmasını istəyirəm. Xalqımızda böyük barışıq olmasını istəyirəm. Xüsusən yaradıcı adamların arasında mehribanlıq və dostluq olmasını istəyirəm...”.

Hazırladı: Vüqar Orxan

(davamı var)