Belçika XİN başçısı: “Ərazi bütövlüyü və suverenliyə hörmətlə yanaşılmalıdır”

 

Beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, ölkələrin ərazi bütövlüyünə və suverenliyinə hörmət böyük əhəmiyyət kəsb edir. Azərbaycan bu istiqamətdə bütün zəruri addımları atır.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov  bu sözləri avqustun 24-də Belçikanın xarici işlər naziri Hadija Labib ilə birgə keçirdiyi brifinq zamanı deyib.

Ceyhun Bayramov görüşdə işğaldan azad olunan ərazilərdə mina problemi, ərazi bütövlüyümüz təmin olunduqdan sonra bölgədə yaranmış yeni imkanlar və Azərbaycan dövlətinin baxışları ilə bağlı Belçikanın xarici işlər nazirini məlumatlandırdığını qeyd edib.

Azərbaycan XİN başçısı qeyd edib ki, “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin təsis olunmasını həzm edə bilməyən Ermənistan hərbi və siyasi təxribatlara əl atır.

Humanitar yükün gətirilməsi istiqamətində Ermənistanın siyasi manipulyasiya xətti tutduğunu deyən nazir bildirib: “Humanitar yardımın siyasiləşdirilməsi yolverilməzdir. Əgər bir tərəf humanitar yardımı yalnız bir yolla qəbul edib, digər yoldan imtina edirsə, bu, humanitar yardımın siyasiləşdirilməsidir ki, Ermənistan tərəfi belə addım atır”.

Biz gələcəyə baxmalıyıq, bu vəziyyətdən çıxmalı, sülhə nail olmalıyıq. Sülh xalqın, sıravi vətəndaşın həyatının yaxşılaşdırılmasına xidmət etməlidir, çünki müharibənin ilk qurbanları onlardır.

Bunu isə Belçikanın xarici işlər naziri deyib. Hadija Labib bildirib ki, sülh həm Ermənistan, həm Azərbaycan, həm də bütün dünya üçün vacibdir.

“Biz bilirik ki, Azərbaycan dayanıqlı sülh üçün addımlar atır. Bir neçə gün əvvəl Ermənistan XİN rəhbərinə bildirdim ki, bu tarixi fürsətdir və dialoqdan yararlanmaq lazımdır”, – deyə o əlavə edib.

Belçikalı nazir qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşılmalıdır. Biz bunu dəstəkləyirik.

Öz növbəsində Ceyhun Bayramov Belçikanın gələn il Avropa İttifaqına sədrlik edəcəyini diqqətə çatdıraraq qeyd edib ki, biz ölkəmizə qarşı ikili standartların davam etməsini istəmirik.

“Hadija Labib keçmişə yox, gələcəyə baxmalı olduğumuzu tövsiyə etdi. Bizim istəyimiz və gözləntimiz növbəti illərdə ölkəmizə qarşı ikili standartların olmamasıdır. Biz bəzi Avropa ölkələrinin separatçılığa necə həssas yanaşdıqlarını, necə mühüm qərarlar qəbul etdiklərini bilirik. Biz istərdik ki, Azərbaycanın həyata keçirdiyi işlərlə bağlı rəy verməzdən əvvəl addımın mahiyyətini başa düşsünlər. Ermənistanın separatçı, təxribat xarakterli addımları belə asanlıqla humanitar məsələ kimi qəbul edilə bilməz”, – deyə Azərbaycanın xarici işlər naziri vurğulayıb.