Avqustun 25-i tanınmış aktrisa, respublikanın Əməkdar artisti, Dövlət mükafatı laureatı Vəfa Fətullayevanın (1945-1987) anadan olduğu gündür. Bənzərsiz diksiyası, gülər üzü, mənalı gözləri, şaqraq gülüşü ilə tamaşaçıların yaddaşında iz qoyan aktrisa yaşasaydı, sevib seçdiyi sənətdə daha böyük uğurlara imza atardı.
Vəfa Fətullayeva Bakı şəhərində tanınmış teatr xadimi, Xalq rəssamı Nüsrət Fətullayev və SSRİ Xalq artisti, görkəmli teatr və kino aktrisası Hökümə Qurbanovanın ailəsində dünyaya göz açıb. Kiçik yaşlarından teatr sahəsinə maraq göstərib, səkkiz yaşında V.Şekspirin “Qış nağılı” tamaşasında anası H.Qurbanovanın övladı Mamili obrazında səhnəyə çıxıb.
1968-ci ildə Teatr İnstitutunu (indiki ADMİU) bitirib. 1970-ci ildən taleyini Azərbaycan Dövlət Akademik Dram Teatrına bağlayıb. Bu səhnədə biri-birindən maraqlı obrazlar yaradıb. Canlandırdığı Fəridə (“Məhv olmuş gündəliklər” – İ.Əfəndiyev), Xuraman (“Vaqif” – S.Vurğun), Rəna (“İblis” – H.Cavid), Beatriçe (“Heç nədən hay-küy” – V.Şekspir) və s. obrazlar onu istedadlı aktrisa kimi məşhurlaşdırıb.
Vəfa Fətullayeva səhnə uğurlarını unudulmaz obrazlar yaratdığı ekran əsərlərində (“Atayevlər ailəsi”, “Alov”, “Göz həkimi” televiziya tamaşaları, “Firəngiz” filmi) də davam etdirib.
Ağır xəstəliyə tutulan aktrisa 1987-ci ilin 21 mayında, 42 yaşında vəfat edib.