2024-cü ildə Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın bəstəkarlarının davamlı şəkildə qarşılıqlı fəaliyyət göstərməsinə imkan verəcək Xəzəryanı ölkələrin Bəstəkarlar Assosiasiyası təsis edilə bilər.

Bunu Xəzəryanı Dövlətlərin Simfonik Orkestrinin bədii rəhbəri və dirijoru Mixail Qolikov Həştərxanda “Xəzər fəsilləri” Beynəlxalq klassik incəsənət festivalı çərçivəsində ilk dəfə olaraq keçirilən bəstəkarlar forumunda deyib.

M.Qolikov bildirib ki, yeni təşkilat bizə daimi əsasda daha səmərəli işləməyə, yerli bəstəkar icmaları ilə qarşılıqlı əlaqə qurmağa imkan verəcək. O əlavə edib ki, 2024-cü ildə təşkilatın yaradılmasının detalları müzakirə olunur.

Onun sözlərinə görə, forum çərçivəsində Xəzəryanı ölkələrin bəstəkarları arasında müsabiqənin hər il keçirilməsi təşəbbüsü də irəli sürülüb: “Əminəm ki, bəstəkarlar forumu və sonradan Xəzəryanı ölkələrin Bəstəkarlar Assosiasiyasının yaradılması bizim bəstəkarları müxtəlif məkanlarda konsertlər, forumlar və yaradıcılıq görüşləri ilə birləşdirəcək”.

Qeyd edək ki, Həştərxanda avqustun 22-də başlayan “Xəzər fəsilləri” festivalı 6 sentyabradək davam edəcək.