2023-cü il iyulun 31-də Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən sərəncam imzalanıb. Sərəncama əsasən, “26 avqust – Laçın şəhəri günü” elan edilib.

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “26 avqust – Laçın şəhəri günü” adlı virtual və eyniadlı ənənəvi sərgi hazırlanaraq təqdim olunub.

Virtual sərgidə rəsmi sənədlər, fotolar, eləcə də Azərbaycan, rus, ingilis dillərində kitab və məqalələr, ənənəvi sərgidə isə Laçın şəhəri haqqında, həmçinin Vətən müharibəsi, böyük Zəfəri əks etdirən Milli Kitabxananın fondunda mühafizə olunan kitablar, məqalələr və s. materiallar nümayiş etdirilir.

Virtual sərgi ilə http://anl.az/el/vsb/26_avqust_Lachin/index.htm linki vasitəsilə tanış ola bilərsiniz.

***

C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Laçın şəhəri günü ilə bağlı silsilə materiallar, virtual kitab sərgisi, videomaterial, internet resursları bazası hazırlanıb.

Kitabxananın əməkdaşları tərəfindən ərsəyə gətirilən materiallarda Laçın rayonunun yaranma tarixi, erməni işğalı dövründə məruz qaldığı vandallıq aktları, tarixi-mədəni abidələrin, təbii sərvətlərin məhv edilməsi, sonradan Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Ordumuzun qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılan Qələbə və Laçın rayonunun işğaldan azad olunması haqqında geniş məlumat verilib.

Materiallarda həmçinin Laçın rayonunda aparılan yenidənqurma işləri, yüzlərlə laçınlının öz doğma torpaqlarına qayıtmalarına dair görüntülər təqdim edilir.

Qeyd edək ki, “Laçın şəhəri günü” adlı virtual kitab sərgisində Prezident İlham Əliyevin şəhər günlərinin təsis edilməsi haqqında imzaladığı sərəncamın mətni, “Öz doğmalarını gözləyən şəhər – Laçına böyük qayıdış” adlı görüntülər, “Laçın həsrətim”, “Bir damla göz yaşında torpaq həsrəti”, “Laçın antologiyası”, “Laçın rayonu və onun toponimiyası”, “Müharibə və tarix-mədəniyyət abidələrimiz”, “Qarabağ Vətəndir” kimi 20-dən çox kitabın, “Ay Laçın, can Laçın!”, “Belə məkan idi mənim Laçınım” kimi dövri mətbuat nümunələrinin biblioqrafik təsviri yer alıb.

Hazırlanan materiallarla https://ryl.az/multimedia/biz-geldik-lacin, https://ryl.az/multimedia/26-avqust-lacin-seher-gunu linkləri vasitəsilə tanış olmaq mümkündür.

***

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası tərəfindən də Laçın şəhəri günü ilə bağlı “Laçın” adlı elektron layihə istifadəyə verilib. Layihədə Laçın rayonunun tarixi, tarixi-mədəni və dini abidələri, işğaldan azad olunduqdan sonra genişmiqyaslı bərpa və quruculuq işlərinə dair seçmə materiallar təqdim olunur.

Elektron resurs barədə daha ətraflı https://lachin.preslib.az/linki vasitəsilə tanış ola bilərsiniz.