Xatırlayıram, 50 yaşım tamam olanda mən laçınlılarla Qarabağda, Qarabağın Ağcabədi rayonunda, Taxtakörpü qəsəbəsində görüşmüşdüm və demişdim ki, torpaqlarımız azad olunandan sonra sizin üçün Laçında daha gözəl şərait yaradacağıq və belə də oldu. Bu gün də Laçın Şəhəri Günündə sizinlə birlikdə bu bayram tədbirlərində iştirak edirəm.

Prezident İlham Əliyev bu sözləri avqustun 26-da “Laçın Şəhəri Günü” ilə əlaqədar keçirilən tədbirdə çıxışı zamanı söyləyib.

Prezident vurğulayıb ki, bu hamımız üçün böyük xoşbəxtlikdir: “Biz xoşbəxt günləri yaşayırıq və əminəm ki, xalqımız bundan sonra sülh, əmin-amanlıq şəraitində yaşayacaq, öz doğma torpağında qurub-yaradacaqdır. Laçın rayonunun timsalında biz dirçələn Azərbaycan reallıqlarını görürük, dirçələn torpaqları görürük”.

Dövlət başçısı diqqətə çatdırıb ki, bu il mayın 28-dən Laçının dirçəliş dövrü, Laçın şəhərinə sakinlərin qayıdışı başlayıb. Bu günə qədər minə yaxın Laçın sakini şəhərdə məskunlaşıb və ilin sonuna qədər 900 ailə üçün evlər hazır olacaq. Bundan əlavə, avqustun 25-də Laçın rayonunun Zabux kəndinə də sakinlərin ilk qrupu qayıdıb və bu proses davam edəcək. Bu ilin sonuna qədər bir neçə min həm şəhər sakini, həm kənd sakini Laçında yaşayacaq.

“Bu xoşbəxtliyi bizə bəxş edən bizim müzəffər Silahlı Qüvvələrimizdir. Fürsətdən istifadə edərək bütün şəhidlərimizin əziz xatirəsini hörmətlə yad edir, onlara Allahdan rəhmət diləyirik. Onların qanı-canı bahasına, qəhrəman övladlarımızın şücaəti hesabına bu gün biz buradayıq, bu gün biz doğma torpağımızda bayram şənlikləri keçiririk. Bundan böyük xoşbəxtlik ola bilməz”, – deyə İlham Əliyev qeyd edib.