İki ölkənin turizm sahəsində ixtisaslaşan ali məktəbləri arasında əməkdaşlıq qurula bilər
Yanvarın 23-də Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk-inn Azərbaycan Turizm İnstitutunun qonağı olub. ATİ-nin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov qonaqlara 7 yaşlı ali təhsil ocağının turizm sənayesi üçün ixtisaslı kadr hazırlığı sahəsindəki fəaliyyəti barədə məlumat verib.
Koreyalı səfir qeyd edib ki, onun ölkəsi Azərbaycanla həm dövlət, həm də ictimai qurumlar səviyyəsində geniş spektrlı əlaqələrdə maraqlıdır. O, Azərbaycanın ali məktəbləri ilə Koreya Fondunun əlaqələrindən söz açıb. Bildirib ki, məhz bu fondun dəstəyi ilə Azərbaycanda Koreya dilinin öyrənilməsi və yayılması layihəsi həyata keçirilməkdədir. Koreya dili və ədəbiyyatı üzrə “İkinci nitq yarışması”nın qalibləri fond tərəfindən mükafatlandırılıb.
Diplomat ölkəsinin turizm imkanlarından söz açaraq bildirib ki, Koreya Respublikasına səfər edən turistlər mədəni və dini turizm proqramlarında Bulquksa və Sokkuram məbədlərinə, Könbokkun sarayına, Milli Etnoqrafiya Muzeyinə daha çox maraq göstərirlər. Ölkə brendinə çevrilən sənaye müəssisələrinə turist səfərlərinin təşkili isə daha əhəmiyyətli hesab edilir. Bu, ölkənin sənaye potensialını tanıtmağa xidmət edir. Səfir bir faktı da qeyd edib ki, Koreyadakı turizm müəssisələri ilə məktəb və məktəbəqədər müəssisələr arasında sıx əməkdaşlıq var.
Səfir sonda bildirib ki, ATİ-də tanışlıq görüşü və maraqlı fikir mübadiləsi gələcəkdə Koreya Respublikasının müvafiq ali təhsil ocaqları ilə əməkdaşlığa körpü ola bilər.
Fəxriyyə