Xəbər verdiyimiz kimi, 22 avqust – 6 sentyabr tarixlərində Rusiyanın Həştərxan şəhərində keçirilən “Xəzər mövsümləri – 2023” klassik incəsənət festivalında ölkəmiz də təmsil olunur. Festival Xəzəryanı dövlətlər arasında humanitar sahədə mədəni dialoq və əməkdaşlığın inkişafı üçün səmərəli layihəyə çevrilmək məqsədi daşıyır.
Festival çərçivəsində iştirakçı ölkələrin incəsənət günləri təşkil edilib. “Azərbaycan günü” avqustun 25-də gerçəkləşib.
Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə tanınmış tarzən Arslan Növrəsli və onun “Ethno-jazz” qrupu “Xəzər mövsümləri – 2023”də çıxış edib.
Qrupun (tarda Arslan Növrəsli, pianoda Nicat Aslanov, bas-gitarada Səlim Məmmədov, zərb alətlərində Həsən Bilalov) Həştərxan Dövlət Filarmoniyasında keçirilən konserti böyük maraqla qarşılanıb. Repertuara daxil edilən nömrələr həm klassik caz musiqiləri, həmçinin Azərbaycan bəstəkarlarının əsərlərinin mövzuları əsasında yazılmış kompozisiyalardan ibarət olub.
Qeyd edək ki, gecənin xüsusi ifası – “Ay Laçın” xalq mahnısı Azərbaycan Prezidentinin sərəncamına əsasən təsis olunan 26 avqust – Laçın şəhəri günü ilə əlaqədar repertuara daxil edilib.