Çin Xalq Respublikasının (ÇXR) ölkəmizdəki səfirinin müşaviri Ding Tao və Huzhou Universitetinin professoru Tsin Pei Huanın rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycan Milli Kitabxanasında olub.

Kitabxananın direktoru professor Kərim Tahirov qonaqları salamlayaraq mədəniyyət ocağı haqqında məlumat verib. Kitabxananın Çin Milli Kitabxanası ilə qarşılıqlı beynəlxalq əməkdaşlıq əlaqələrindən bəhs olunub.

Direktor iki ölkənin milli kitabxanaları arasında imzalanan memorandum əsasında kitabxananın beynəlxalq əməkdaşlıq zalında Çin daimi guşəsinin açıldığını deyib. Bildirib ki, guşədə nümayiş olunan kitablar ÇXR-in ölkəmizdəki səfirliyi və ya qonaqların Milli Kitabxanaya hədiyyə etdikləri kitablarla daim yenilənir, zənginləşir. Kərim Tahirov Çin Milli Kitabxanasında da Azərbaycan daimi guşəsinin açılacağını diqqətə çatdırıb.

Professor Tsin Pei Hua Azərbaycan Milli Kitabxanasında olmaqlarından məmnunluğunu dilə gətirib. O, Milli Kitabxanaya hədiyyə edəcəyi kitablar vasitəsilə oxucuların Çin mədəniyyəti, tarixi haqqında məlumat əldə edəcəklərinə əmin olduğunu söyləyib. Professor səfirlik adından Milli Kitabxananın əməkdaşlarına təşəkkürünü bildirib.

Qonaqlar kitabxananın Tələbə gənclərə xidmət zalı, Nadir kitablar və kitabxana muzeyi şöbəsi ilə tanış olublar. Şöbədə mühafizə olunan kitablar xüsusilə qonaqların diqqətini cəlb edib.

Sonda qonaqlara “Azərbaycan Milli Kitabxanası” fotoalbomu, “Azərbaycan xalçaları dünya kolleksiyalarında” kitabı və “Azerbaijan in the old and present times” (“Azərbaycan keçmişdə və indiki dövrdə) xəritəsi təqdim olunub.