Problemlər nədən qaynaqlanır?
   
   Ölkəmizdə turizm sahəsi inkişaf etdikcə həll edilməsi vacib olan müxtəlif problemlər ortaya çıxır. Hazırda aktual olan əsas məsələlərdən biri də turizm müəssisələri və mədəniyyət obyektlərinin lazımi səviyyədə əməkdaşlıq etməməsidir.
   
   Təsadüfi deyil ki, ötən ilin dekabrında Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclasında nazir Əbülfəs Qarayev də bu problemə diqqət çəkərək turizm müəssisələri və mədəniyyət ocaqlarının bir-biri ilə sıx əməkdaşlıq qura bilmədiyini qeyd etdi. Bu işin səmərəli təşkili üçün hər iki tərəfin üzərinə məsuliyyət düşdüyü vurğulandı. Bildirildi ki, muzeylər, qoruqlar, turist cəlb edə biləcək digər mədəniyyət müəssisələri turizm şirkətləri ilə müvafiq müqavilələr bağlamalı, eyni zamanda, turizm şirkətləri, hotellər turistlər üçün tərtib etdikləri proqramda bu məqamı diqqətdə saxlamalıdırlar. Bunların hamısı vahid bir sistemə bağlanmalı və bu yöndə işlər görülməlidir.
   
   Mədəniyyət menecerliyi inkişaf etməlidir
   
   Bəs problemin kökü nədədir və onun həll edilməsi üçün hansı işlər görülməlidir?
   Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov sualımıza cavab olaraq bildirdi ki, turizmin və mədəniyyətin bir nazirlikdə birləşdirilməsi əslində bu sahələrin təmsilçilərinin bir-biri ilə sıx əməkdaşlığını ehtiva edir. Lakin hələlik bu əməkdaşlıq istənilən səviyyədə deyil: «Azərbaycan kimi zəngin tarixi və mədəniyyəti olan ölkələrdə mədəni turizm daha çox diqqəti cəlb edir. Məsələn, Dubayda qədim tarixlə turisti maraqlandıracaq elə bir şey yoxdur. Oranın məxsusi özəlliyi var, çimərlik turizmi inkişaf edib. Ancaq Azərbaycan kimi ölkələrə gələn turistlərin içərisində tarix, mədəni irs, incəsənətlə maraqlananlar çoxdur. Mədəniyyət müəssisələri bundan faydalana bilərlər, çünki, məsələn, muzeyə daha çox ziyarətçi gəlməsi onun bir müəssisə kimi maddi imkanlarının da artması deməkdir. Hazırda bizdə bu işi dövlət öz üzərinə götürüb. Əslində isə muzeylər də bir təsərrüfat subyekti kimi formalaşmalıdır. Bu, eləcə də digər mədəniyyət obyektlərinə aiddir”.
   Rektorun sözlərinə görə, turizm şirkətləri ilə mədəniyyət obyektləri bir-birini təmin edən qurumlardır: “Onların əməkdaşlığından isə hər iki tərəf qazanır, müəyyən gəlir əldə edir. Eyni zamanda, turistin də qazancı mənalı istirahət olur. Bu isə nəticədə ölkəyə daha çox turistin gəlməsinə zəmin yaradır. Azərbaycanda turizmi mədəniyyətsiz, mədəniyyəti isə turistlərsiz təsəvvür etmək mümkün deyil. Muzeylərin, teatrların, qoruqların, konsert salonlarının turist cəlb etmək üçün bir marketinq siyasəti olmalıdır. Bu siyasətin içərisində o cümlədən də turizm şirkətləri ilə işləmək məsələsi öz əksini tapmalıdır. Bununla bağlı bir neçə dəfə nazirlik səviyyəsində məsələ qaldırılıb”.
   C.Cəfərov mədəniyyət müəssisələrinin turizm şirkətləri ilə səmərəli əməkdaşlıq qura bilməməsinin əsas səbəbini bu sahədə mədəniyyət menecerlərinin azlığı ilə izah edir: «Tarixi-mədəni abidələrimiz eyni zamanda əhəmiyyətli bir turizm məhsuludur və onu ortaya çıxarmaq bilik, bacarıq tələb edir. Bunun üçün böyük işlər görülməlidir. Özünü dolandırmaq üçün dövlətdən vəsait gözləmək düzgün deyil. Çünki bu, sonsuza qədər davam edə bilməz. Burada yenə də söhbət bacarıqlı kadr məsələsinin üzərinə gəlir. Peşəkar kadrlar olmasa, qoyulan vəsaitlərin səmərəli istifadəsi haqqında danışmaq çətindir. Yaradılan infrastrukturu effektli işlədən kadrlara ehtiyac böyükdür. Muzey, teatr, qoruq menecerləri düşünməlidirlər ki, daha çox insan cəlb etmək üçün hansı işləri görmək lazımdır. Dünyada bunun üçün müxtəlif mexanizmlər işlənilir. Bu təcrübəni öyrənib tətbiq etmək lazımdır. Mədəniyyət müəssisələrində çalışan hər bir əməkdaş buna xidmət etməlidir. Gələn turistlər o müəssisələrdən xoş təəssüratla ayrılmalıdır. Burada suvenirlərin satışı təşkil olunmalı, müxtəlif dillərdə məlumat verməyi bacaran bələdçilər olmalıdır. Bütün bu məsələlər isə yuxarıda da qeyd etdiyim kimi, müəssisənin menecment və marketinq siyasətində öz əksini tapmalıdır».
   
   
   Yeri gəlmişkən
   
   Ötən il muzeyləri 1,8 milyon insan ziyarət edib
   
   2012-ci ildə Azərbaycanda fəaliyyət göstərən muzeylərə 1,8 milyon nəfər ziyarətçi gəlib. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir. Məlumata görə, ötən il teatrlara gələnlərin sayı 500 min nəfər olub.
   
   
   Qiymətlərin tənzimlənməsi, peşəkar bələdçilərin azlığı ilə bağlı problem var
   
   «Millennium Tourism & Congress DMC»nin direktoru Ruslan Quliyev mədəniyyət müəssisələri ilə əməkdaşlıqda qarşılaşdıqları problemlərdən danışdı. Onun sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyi yaradılmazdan əvvəl bu sahədə daha çox pərakəndəlik vardı, qarşılıqlı münasibətlər yox dərəcəsində idi: «Mədəniyyət və turizm sahələri bir nazirlikdə birləşdirildikdən sonra bu sahəyə yeni nəfəs gəldi. Mədəniyyət obyektlərində turizm şirkətlərinə münasibət də yaxşı mənada dəyişdi. Amma hələlik sıx əməkdaşlıqdan danışmaq tezdir. Mədəniyyət obyektlərinə, tarixi məkanlara daha çox turist axınının olması Azərbaycan dövlətinin də marağındadır. Turizm şirkətləri öz turpaketlərini tərtib edən zaman maksimum dərəcədə bölgələrə planlaşdırılan marşrutlara tarixi abidələri və ziyarət yerlərini də daxil etməlidirlər. Bu məsələdə son zamanlar bir qədər irəliləyiş hiss olunur. Bununla belə, mədəniyyət obyektlərində qiymətlərin tənzimlənməsi, peşəkar bələdçilərin olması və s. kimi məsələlərdə problemlər mövcuddur. Ümumiyyətlə götürdükdə isə dünya ölkələrinin praktikasında da var ki, ölkəyə gələn turist mütləq həmin ölkənin tarixi, mədəniyyəti haqqında daha çox bilgi əldə etmək istəyir. Biz də bunu əldə əsas tutaraq çalışırıq ki, 1-2 günlük ölkəmizə gələn turistlərə tarixi abidələrimizi göstərək. Təbii ki, gələcəkdə bunu daha interaktiv formada həyata keçirəcəyik. Düşünürəm ki, biz ölkəmizə gələn turistlərə hotellər və restoranlardan daha çox tarixi mədəniyyət obyektlərimizi göstərməliyik».
   Konkret olaraq «Millennium Tourism»in mədəniyyət müəssisələri ilə əlaqələrinə gəlincə, həmsöhbətimiz bildirdi ki, rəhbərlik etdiyi turizm şirkəti “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksi, Qobustan Milli Tarix-Bədii Qoruğu, «Atəşgah məbədi» Dövlət Tarix-Memarlıq Qoruğu, Xalça, Milli İncəsənət muzeyləri, regionlardakı bəzi muzey və qoruqlarla sıx əməkdaşlıq edir.
   
   AZTA tərəfləri əməkdaşlığa dəvət edir
   
   Azərbaycan Turizm Assosiasiyası İdarə Heyətinin sədri Nahid Bağırovun fikrincə, bu məsələdə turizm şirkətlərinin muzeylər, konsert və sərgi salonları ilə sıx əlaqəsinə xüsusilə ehtiyac var: “Azərbaycan Turizm Assosiasiyası turizm şirkətləri ilə mədəniyyət obyektləri arasında koordinator rolunu oynayır. Qoruqlarla turizm şirkətlərinin münasibətləri nisbətən yaxşıdır. Amma bunu mədəniyyət müəssisələri haqqında demək mümkün deyil. Kollegiyadan sonra bu istiqamətdə müəyyən işlər görülür. Artıq mədəniyyət obyektləri ilə şirkətlər arasında müqavilələr imzalanmağa başlanıb. Müqaviləyə əsasən mədəniyyət obyektləri birillik proqramlarını turizm şirkətlərinə verəcəklər. Şirkətlər də bunun əsasında tərtib etdikləri turlara həmin obyektlərdə olan tədbirləri daxil edəcəklər. Müxtəlif mədəni tədbirlər, musiqi festivalları haqqında məlumatları saytlarında yerləşdirəcəklər, xarici partnyorlarına göndərəcəklər. Bunun çox böyük əhəmiyyəti var. Tutaq ki, turist hər hansı bir ölkəyə getməklə bağlı seçim qarşısındadır. Bu zaman müraciət etdiyi turizm şirkəti ona səfər etmək istədiyi günlərdə Azərbaycanda keçiriləcək musiqi festival və ya hər hansı dünya şöhrətli müğənninin konserti ilə bağlı məlumat təqdim edir. Turist də öz zövqünə uyğun olaraq istədiyi ölkəni seçir. Bax, mədəniyyət müəssisələrinin turizm şirkətləri ilə əməkdaşlığının əhəmiyyəti budur».
   «Atəşgah məbədi» Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru Rəşid Babayi də turizm şirkətləri ilə əməkdaşlığın vacib olduğunu deyir. Onun sözlərinə görə, hazırda qoruqda bərpa işləri getdiyinə görə turizm şirkətləri ilə elə də sıx əməkdaşlıq edə bilmirlər. Amma «Dərviş travel», «İmprotex travel», «Millennium turizm» kimi şirkətlərlə əlaqələr var: «Biz özümüz bu işdə maraqlıyıq. Mən özüm əməkdaşlarımızı turizm şirkətlərinə göndərirəm. Hər bir mədəniyyət obyektinin özünün saytı olmalı, onlar özləri haqqında mütəmadi olaraq bukletlər, broşürlər buraxmalıdır. Hazırda bizim idarədə rus, ingilis, fransız, türk dilli bələdçilərimiz var».
   Ötən il “Atəşgah məbədi”nə 14560 nəfər turist gəldiyini deyən qoruq direktoru bildirdi ki, turizm şirkətləri ilə sıx əməkdaşlıq bu turist sayının qat-qat artmasına səbəb olar.
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar