Olaylar, faktlar (29 avqust – 2 sentyabr)

 

613 il əvvəl...

30 avqust 1410-cu ildə Təbriz yaxınlığında baş verən ikinci Şənbi-Qazan döyüşündə Qaraqoyunlu hökmdarı Qara Yusifin qoşunları Cəlairilər dövlətinin başçısı Sultan Əhmədin ordusunu məğlub edib. Cəlairilər dövlətinin (Cənubi Azərbaycan 1359-1410-cu illərdə bu dövlətin tərkibində olub) mövcudluğuna son qoyulub. Bölgədə geosiyasi arenaya yeni Azərbaycan-türk dövləti – Qaraqoyunlu imperatorluğu (1410-1468) çıxıb.

 

497 il əvvəl...

 

29 avqust 1526-cı ildə Sultan II Süleymanın başçılıq etdiyi Osmanlı qoşunları Kral II Lüdoviqin rəhbərlik etdiyi macar ordusunu Mohaç kəndi (Macarıstanın cənubu) yaxınlığında döyüşdə məğlub edib. Bu döyüşdən sonra o vaxtkı Macarıstanın üçdə ikisi Osmanlının, qalanı isə Avstriyanın nəzarətinə keçdi.

 

302 il əvvəl...

 

30 avqust 1721-ci ildə Rusiya ilə İsveç arasında 20 ilə yaxın (fasilələrlə) sürmüş Şimal müharibəsinin yekunları barədə Niştadt sülhü imzalanıb. I Pyotrun apardığı müharibə nəticəsində Rusiya Baltik dənizinə (dünya okeanına) çıxış əldə edib, indiki Estoniya və Litva ərazilərini, həmçinin Finlandiyanın bir hissəsini özünə birləşdirib.

 

194 il əvvəl...

 

2 sentyabr 1829-cu ildə Rusiya-Osmanlı müharibəsinin (1828-1829) yekunlarına dair Ədirnə müqaviləsi imzalanıb. Osmanlı dövləti Ahalsıx bölgəsinin (indiki Gürcüstanın Samtsxe-Cavaxeti regionu) bir hissəsini Rusiyaya güzəştə gedib və həmin əraziyə cənub-şərqi Anadoludan erməni əhalinin köçürülməsinə razılıq verib. Köçürülən ermənilər sonradan Tiflis, İrəvan və Naxçıvanda da yerləşdi.

 

104 il əvvəl...

 

1 sentyabr 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti ölkədə ilk ali təhsil müəssisəsinin – Bakı Dövlət Universitetinin yaradılması barədə qərar qəbul edib.

 

101 il əvvəl...

 

30 avqust 1922-ci ildə Mustafa Kamal paşanın komandanlığı altında türk ordusu işğalçı yunan qoşunları ilə Dumlupınar döyüşündə (Kütahya vilayəti) tarixi qələbə qazanıb. Bu qalibiyyət türk xalqının Qurtuluş savaşında həlledici rol oynayıb. 26 avqustda Afyonkarahisarda başlayan “Büyük Taarruz” (“Böyük Hücum”) 9 sentyabrda İzmirin azad edilməsi ilə başa çatıb. 30 avqust Türkiyədə Zəfər Bayramı (Silahlı Qüvvələr Günü) kimi qeyd olunur.

 

93 il əvvəl...

 

30 avqust 1930-cu ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Sovetinin qərarı ilə respublika ərazisi yeni ərazi-inzibati vahidlərinə – rayonlara bölünüb. Azərbaycan SSR ərazisində 63 rayon yaradılıb. Bundan öncə (1920-1930-cu illərdə) respublikada ərazi-inzibati bölgüsü olaraq 10 dairə və onların tərkibində qəzalar mövcud idi.

 

84 il əvvəl...

 

1 sentyabr 1939-cu ildə faşist Almaniyası Polşaya hücum edib, İkinci Dünya müharibəsi başlayıb. Sentyabrın 3-də Britaniya və Fransa Almaniyaya müharibə elan etdi. 70-dən çox ölkənin faktiki iştirak etdiyi və 6 il sürən müharibədə ümumilikdə 62 milyon insan həlak oldu.

 

78 il əvvəl...

 

2 sentyabr 1945-ci ildə Yaponiyanın SSRİ və ABŞ qarşısında kapitulyasiyasından sonra İkinci Dünya müharibəsi rəsmən başa çatıb. ABŞ-nin “Missuri” gəmisində imzalanan kapitulyasiya haqqında akta əsasən, Yaponiyanın işğalı altında olmuş Koreya yarımadası 38-ci paralel üzrə ABŞ (cənub) və SSRİ (şimal) arasında bölünüb. Mancuriya Çinə, Kuril adaları SSRİ-yə verilib. ABŞ Yaponiya ərazisində hərbi baza saxlamaq hüququ əldə edib.

 

 

32 il əvvəl...

 

30 avqust 1991-ci ildə Ali Sovetin növbədənkənar sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul olunub. Bəyannamədə Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanırdı. Parlament həmçinin Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının hazırlanması ilə bağlı qərar qəbul edib.

 

30 il əvvəl...

 

31 avqust 1993-cü ildə Ermənistanın silahlı qüvvələri Azərbaycanın Qubadlı rayonunun mərkəzini və bir sıra kəndlərini işğal edib. Sonrakı günlərdə rayonun bütün ərazisi işğal olundu. 2020-ci ilin 44 günlük Vətən müharibəsində Qubadlı şəhəri (26 oktyabr) və rayonun 90-dan çox kəndi işğaldan azad edildi.

Hazırladı: V.Orxan