Vaqif Mustafayev: “Yaxşı kino odur ki, tamaşaçını təsirləndirir, düşündürür, həyata çağırır...”

 

Avqustun 28-də görkəmli kinorejissor, ssenarist, Xalq artisti, Dövlət mükafatı laureatı Vaqif Mustafayevin anadan olmasının 70 illiyi tamam oldu.

O, yaradıcılığının ilk illərində “Mozalan” kinojurnalı üçün satirik-bədii və sənədli süjetlər çəkib. Quruluş verdiyi “Bəyin oğurlanması”, “Yaramaz”, “Nakəs”, “Fransız”, “Milli bomba”, “Hər şey yaxşılığa doğru”, habelə ssenari müəllifi olduğu “Fəryad” və digər filmlər böyük tamaşaçı rəğbəti qazanıb. Yaradıcılıq nümunələri beynəlxalq festivallarda mükafatlar qazanıb.

Vaqif Mustafayev Ümummilli lider Heydər Əliyevə həsr olunmuş 12 sənədli filmin müəllifidir. Bu ekran əsərlərindən üçü (“Əsl məhəbbət haqqında”, “Bir həsədin tarixi” və “Xüsusi təyinat”) Moskvada keçirilən Avrasiya teleforumunun Qran-pri mükafatına layiq görülüb. 2022-ci ildə “Həyat, deyəsən, gözəldir” bədii filminə görə Türkiyədə keçirilən “Dədə Qorqud” Beynəlxalq Film Festivalında “Türk dünyasının ən yaxşı rejissoru” adına layiq görülüb...

Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətləri yüksək qiymətləndirilən rejissor “Xalq artisti” (2005) fəxri adına, “Şöhrət” (2003), “Şərəf” (2018) ordenlərinə, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na (2013) layiq görülüb. O, eyni zamanda bir sıra ölkələrin mükafatları ilə təltif olunub.

Yaxından tanımayanlar onu tündxasiyyət insan kimi qələmə verir, tanıyanlar isə səmimi, şən və optimist olduğunu qeyd edirlər. Nikbin insan kimi qəbul etdiyimiz Vaqif müəllimlə yubileyi öncəsi görüşüb söhbətləşdik.

O, görüş üçün AMEA-nın qarşısındakı parkı seçmişdi. Görüş yerinə çatana kimi yolboyu düşünürdüm ki, “Bu kino ki var, çox qəliz məsələdir. Həm qəlizdir, həm də ki vacib” – aforizminin müəllifi ilə söhbətimiz qəliz də ola bilər. Amma səmimi olacağına tam əmin idim.

Azərbaycanın kino sənətinə fərqli üslub gətirən rejissor kədərdə sevinc, sevincdə kədər görən adamdır. Bu baxış hər insana nəsib olmur. Onun hər bir filmi bir hadisədir. Rejissor filmlərinin bir-biri ilə əlaqəsi haqqında heç vaxt düşünmədiyini deyir: “Sadəcə, bu filmlər mənim düşüncə tərzimdir. Bu da yəqin ondan irəli gəlir ki, uşaqlıqda ciddi olmuşam. Böyüklər də həmişə onların yanında oturmağıma icazə veriblər”.

Kinoya necə gəldiyini bilməsə də, kinoya gələn yolu gözəl xatırlayır. Deyir ki, dayım Tiflisdə “Gürcüfilm”də baş mühəndis işləyirdi. Evləri də kinostudiyanın həyətində idi – onları bir çəpər ayırırdı: “Mən nənəmlə babamın himayəsində böyümüşəm və tez-tez onlara gedərdim. Atam rayonlarda texnikumlarda direktor vəzifəsində çalışırdı, anam isə Moskvada təhsil alırdı. Uşaqlıqda bir az dəcəl idim və məni bəzi qohumlarımızın evinə yollayırdılar ki, insanlarla təmasda olum. Kasıb ailədə də olmuşam, varlı ailədə də. Çalışırdım onların hər birində özümü dəyişməyim”.

 

– Vaqif müəllim, yubiley ərəfəsində özünüzü necə hiss edirsiniz? Maşallah, sizə 70-i vermək olmur. Ən çoxu 55 yaş...

– Bu mənim üçün naməlum bir zamandır. Mən axı bunu hələ yaşamamışam. Ona görə də ehtiyatla yanaşıram. Sizə maraqlı bir hadisə danışım. “Yaramaz” filmini çəkəndə mənim 35 yaşım vardı. Bir gün böyük şairimiz mərhum Bəxtiyar Vahabzadə evimizə zəng vurur. Telefonu anam götürür. Deyir ki, bacı, Vaqifi olar telefona. Anam deyir ki, Vaqif dostları ilə harasa gedib. Bəxtiyar müəllim təəccüblənir və soruşur ki, hansı dostları ilə, onun neçə yaşı var ki? Anam deyir 35. Yenidən soruşur ki, siz onun nəyisiz? Deyir anası. Bəxtiyar Vahabzadə deyir bayaqdan elə bilirdim bacısı ilə danışıram və elə düşündüm ki, Vaqif Mustafayevin 70 yaşı var. Filmdəki fikirlər belə təəssürat yaradır. İndi özümə də maraqlıdır ki, 30 yaşım olanda məni yaşlı, 70 yaşım olanda isə daha gənc kimi tanıyırlar. Çünki “Həyat, deyəsən, gözəldir” filminin nümayişindən sonra Xalq artistimiz Şəfiqə Məmmədova dedi ki, sən necə də gəncsən. Bu filmi sanki 25-30 yaşlarında rejissor çəkib.

 

– Bu yəqin həm də xarakterinizlə bağlıdır...

– Amma mən belə deyərdim: iş yaşda deyil, başdadır.

 

– Rejissor kimi geriyə baxanda daha çox hansı kadrlar gözləriniz önündə canlanır?

– Bir kadr gəlmir axı. Kadrlar keçir, kaleydoskop kimi. Bax indi, məsələn, mən həyatımda ikinci reallığı yaşayıram. “Sim-sim press” nəşriyyatına minnətdaram ki, onlar mənə özüm haqqımda kitab sifariş ediblər. Xatirələrimi yazıram. Hazırda mən həm bu anı yaşayıram, sizə müsahibə verirəm, eyni zamanda da gedib oturub xatirələrimi yazıram. Uşaqlıq, gənclik illərimi, Yaşar Nurini, Həsənağa Turabovu və digər dostları xatırlayıram. Bu, ikinci reallıqdır. Sizinlə olan bu müsahibə də bir xatirəyə çevriləcək. İnsan xatirələr üçün yaşayır. Bunu başa düşməli və elə xatirəyə çevriləcək anların məsuliyyətini hiss edərək yaşamalıdır.

 

– Bu günlərdə görkəmli kino xadimi Şahmar Ələkbərovun anım tədbirində “Mən Şahmarı ilk olaraq bir aktyor kimi tanıdım, daha sonra onun atam, əmim, dayım kimi bir kişi olduğunu görüb sevdim” dediniz...

– Mən başqa bir mühitdə tərbiyə almışdım. Paytaxtımızın “Sovetski” küçəsində böyüyən bir adam gəlib kinoya. Kino da mənim arzum idi. O mənada yox ki, mən kinorejissor olmağı arzulayırdım. Mən televiziya efirində, kinostudiyada, jurnallarda gördüyüm bu böyük adamları kumir hesab edirdim. Sonradan mən onlarla bir yerdə işlədim və bununla fəxr etməyə başladım... Mən Şahmarla tanış olanda onun şəxsiyyət olduğunu gördüm. Şəxsiyyət də bizim üçün ata, əmi, dayı, tanıdığım ağsaqqallardır. Sonradan başa düşdüm ki, istər kino, istərsə də incəsənətin digər sahələrində sənəti ilə şəxsiyyəti uzlaşan insanlar az olur. Mən Yaşar Nuri ilə də dostluq edirdim. İncəsənət aləmində dostluq etmək bir az çətin məsələdir. Dostluq böyük məsuliyyətdir.

 

– “Sovetski” adlı o məkan həyatınıza, xarakterinizə nə dərəcədə təsir edib?

– Doğulduğum yerdir və təsiri çox böyükdür. Mənəvi təsiri odur ki, burada təmiz, saf insanlar çox idi. Burada insanlar yazılmamış qanunlara riayət edir və bir-birlərini dəstəkləyirdilər. Bu küçə mənə çox müsbət tərbiyə verib.

 

– Müsbət tərbiyə demişkən, “Yaramaz”dakı Hətəm xarakterli insanlar da mühitin, tərbiyənin yetirməsidir...

– Hətəm faciəvi personajdır. Çoxları onu komediya kimi qəbul etsə də, faciəvidir. Çünki o, necə yaşayacağını bilmir. Həyat tərzini dəyişir və olur yaramaz. Ən asan şey də elə odur. Ən çətin odur ki, insan öz mənliyini, ləyaqətini, mərdliyini axıra qədər saxlasın və heç vaxt öz yolundan dönməsin, cığırını dəyişməsin. Mən 40 il əvvəl necə düşünürdümsə, bu gün də elə düşünürəm.

 

– Siz həm də Ulu öndər Heydər Əliyevlə bağlı silsilə filmlər çəkmisiniz...

–  “Mozalan” satirik kinojurnalında çalışdığım zamanlarda Ulu öndər Heydər Əliyev mənim süjetlərimi görüb təriflədi. Daha sonra Heydər Əliyevin xeyir-duası ilə o dövrdə bir çox Azərbaycan gəncləri ilə birlikdə Moskvada təhsil aldım. Vaxtilə bir çox mövzularda və şəxslər haqqında sənədli filmlərdən imtina etdim. Deyirdim ki, mən bədii film rejissoruyam. Amma Ulu öndər haqqında filmlər ərsəyə gətirdim. Bu xətt mənim taleyimi müəyyən etdi. Deməli, bu taledir. Mən həyatımın axarında baş verənlərə baxıram və düşünürəm ki, bu, talenin və Tanrının mənə bəxş etdiyi qismətdir. Həyatın xoşbəxtliyi də elə budur. Özümlə fəxr edirəm. Ona görə yox ki, mən bədii filmlər çəkmişəm, filan işlər görmüşəm. Ona görə ki, mən necə o qərara gəldim ki, dahi Heydər Əliyev haqqında filmlər ərsəyə gətirim və bu ekran əsərləri dünyaya çıxdı, mükafatlar da aldı. Demək ki, qəhrəmanımı düz seçmişəm. Yaş gedir. Olsun lap 70. Nə olsun, əsas odur ki, mən sevdiyim və lazım bildiyim işimi reallaşdıra bilmişəm...

 

– Çıxışlarınızın birində deyirsiniz ki, kinonun olmaması yox, yaxşı kinonun olmaması faciədir... Yaxşı kino nədir?

– Yaxşı kino odur ki, film məni tamaşaçı kimi təsirləndirir, düşündürür. Tamaşaçını həyata çağırır və s.

 

– Bu gün bizdə yaxşı kino var?

– Var və olacaq. Hər bir insan öz qabiliyyətindən artıq düşünür. Məsələn, mən daxilimdə mahnı, lap ariya da oxuyuram və hamıdan da gözəl oxuyuram. Bunu aşkara çıxarsam, biabır olaram. Bax, rejissorluq da belədir. Hamı düşünə bilər ki, mən hamıdan yaxşıyam. Amma onu aşkara çıxaranda görürsən ki, bu, kino deyil. “Bəyin oğurlanması”nda deyildiyi kimi...

 

– Bu sualı sona saxlamağı düşünürdüm. Madam ki, söhbət bu filmdən düşdü, burada məni həmişə düşündürən bir epizod var: müxbir xanımın rejissorla müsahibəsi. Rejissorun həmin xanıma yanaşmasını deyirəm.

– Hər bir şəxsə individual yanaşmaq lazım. Bu günlər ərzində mən bir çox müsahibələr vermişəm. Hər kəsə də fərqli və hər kəsin sualına da fərqli yanaşma ilə. Filmdəki rejissor da yaradıcı adamdır və onun da həmin məqamda yanaşması belə idi. Amma orada belə bir məqam da var. Siz yenidən həyata başlasaydınız, rejissor olardınızmı? O, səmimi olaraq yox cavabını verir. Bu dəhşətdir...

 

– Bəs siz indi bu suala necə cavab verərdiniz?

– Öncə də dediyim kimi, nə yaxşı ki, rejissor olmuşam. Kino həm gözəl, həm də funksional olmalıdır. İnsanlar nəyisə dərk etsinlər, kimisə tanısınlar.

 

– Sizi tanımayanlarda özündənrazı və ciddi insan təəssüratı oyadırsınız...

– Biz neçə illərdir tanışıq. Çox istərdim ki, məni tanıdığınız Vaqif kimi təqdim edəsiniz. Bu anlaşma da qarşılıqlıdır.

 

– Yeni filminizin sorağını almışıq: “Molla Nəsrəddin, yaxud çətin günlərimin dostu”. Çətin günlərinizin dostları çoxdurmu?

– Bəli, var. Özü də kifayət qədər.

 

– Həyat gözəldir?

– Həyat, deyəsən, gözəldir. Belə ümumi gözəl ola bilməz. Həyatda çətinlik də olur. Royalın dilləri ağ-qaradır və bu dillərlə gözəl melodiyalar ifa olunur. Ona görə də həyat hərdən adamı qorxudur, hərdən də düşünürsən ki, deyəsən, gözəldir. Həssas adamlar belə düşünə bilər. Xoşbəxtlik ani anlardan ibarət olduğu üçün həyat həmişə gözəl ola bilməz. Ona görə də həyat, deyəsən, gözəldir. 

 

– Maraqlı müsahibəyə görə sağ olun. Redaksiyamızın kollektivi adından yubileyinizi təbrik edir, möhkəm cansağlığı, uzun ömür və yaradıcılıq uğurları arzulayırıq.

– Mən də diqqətinizə görə təşəkkür edirəm.

Lalə Azəri