Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda “Yaradıcı Qadınlar” İctimai Birliyinin təşkilatçılığı ilə avqustun 24-də bədii sənətkarlıq əsərlərindən ibarət satış-sərgi açılıb.
Sərgi ictimai birliyin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrant müsabiqəsində qalib olmuş “Aztəminatlı xanımlar üçün dekorativ-tətbiqi sənət kurslarının (milli keramika və milli qurama) təşkili” layihəsi çərçivəsində təşkil edilib.
Birliyin sədri Afaq Hüseynovanın sözlərinə görə, layihə üzrə ikiaylıq kurs həyata keçirilib.
Layihənin məqsədi aztəminatlı xanımların milli keramika və milli qurama sənəti üzrə təcrübəyə yiyələnməsinə nail olmaq, onların gələcəkdə əl işlərinin satışını təşkil edərək maddi qazanc əldə etmələrinə şərait yaratmaqdır.
Kursda 12 xanım iştirak edib və onların əl işləri sərgiyə çıxarılıb. Ekspozisiyada eyni zamanda məşhur qurama ustası Xalidə Nəsirovanın (1946-2023) əsərləri də yer alıb. Kurs iştirakçıları X.Nəsirovanın emalatxanasında da öz əsərlərini yaradıblar.
On gün davam edəcək satış-sərgidə mədəniyyət paytaxtımız Şuşaya, Qarabağa, Vətən müharibəsində Qələbəmizə həsr olunmuş əsərlər də öz əksini tapıb.
Lalə Azəri