Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...

(əvvəli ötən sayımızda)

1995-ci il 11 iyul

 

Prezident Heydər Əliyev Bakıda səfərdə olan Türkiyənin Baş naziri Tansu Çillərin Azərbaycan ziyalıları ilə görüşündə nitq söyləyib.

 

1995-ci il 15 iyul

 

Prezident Heydər Əliyev Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Vladimir Şumeyko ilə birlikdə Azərbaycan Dövlət İncəsənət Muzeyini ziyarət edib, ziyalılarla görüşüb.

 

1995-ci il 22 iyul

 

Heydər Əliyev Milli Mətbuat Günü münasibətilə jurnalistləri və nəşriyyat-poliqrafiya işçilərini təbrik edib.

 

1995-ci il 28 iyul

 

Heydər Əliyev Şəhriyar adına Mədəniyyət Sarayında (hazırda DTX-nin Mədəniyyət Mərkəzi) Xalq yazıçısı İsmayıl Şıxlı ilə vida mərasimində çıxış edib.

“...İsmayıl Şıxlı böyük, dəyərli, çox nümunəvi həyat yolu keçibdir. Onun ömrü, yaradıcılığı, insani keyfiyyətləri hər bir Azərbaycan vətəndaşı üçün örnək ola bilər. O, öz əsərləri ilə xalqımızın mədəni səviyyəsinin yüksəlməsinə, mənəviyyatının inkişaf etməsinə, mətinləşməsinə böyük xidmət göstəribdir.

İsmayıl Şıxlının əsərlərindən gənclərimizin, hər bir Azərbaycan vətəndaşının aldığı təəssürat onları milli azadlıq ruhunda tərbiyə edibdir, bu ruhda püxtələşdiribdir, vətənpərvər kimi yetişdiribdir...

...Onun Yazıçılar İttifaqına rəhbərlik etdiyi dövr Azərbaycanın həyatında çox mürəkkəb bir dövr idi. Azərbaycan xalqı böyük sınaqlardan keçirdi... Azərbaycan Parlamentində də o həm yazıçı, həm vətəndaş, həm də ictimai xadim kimi özünü çox müsbət tərəfdən göstərdi. Azərbaycanın ağır dövründə – 1990-cı il Yanvar faciəsi dövründə İsmayıl Şıxlının ictimai-siyasi və vətəndaşlıq fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. İnsanlar böyük faciə içərisində idilər. Müdriklik, eyni zamanda qabağa çıxıb xalqa yol göstərmək lazım idi. Cəsarət lazım idi. Elə şəxslərdən biri İsmayıl Şıxlı olmuşdur...

İsmayıl Şıxlı həm yazıçı, həm müəllim, həm alim, həm ictimai xadim, həm də insan və vətəndaş kimi böyük hörmət qazanmış, xalqımızın tarixində dərin iz, zəngin irs qoymuşdur. Ona görə də bu gün bizim hamımız böyük kədər içərisində İsmayıl Şıxlını son mənzilə yola salırıq...”.

 

1995-ci il 9 avqust

 

Heydər Əliyev Almatı şəhərində görkəmli qazax mütəfəkkiri və maarifçisi Abay Kunanbayevin 150 illiyinə həsr olunmuş təntənəli yığıncaqda çıxış edib. Səfər zamanı UNESCO-nun baş direktoru Federiko Mayor ilə görüşüb.

“...Abay qazax xalqının fəxridir. Çünki qazax xalqının belə görkəmli övladı, alimi, maarifçisi var və o öz xalqını xoşbəxtliyə və firavanlığa aparan düzgün yol göstərmişdir. Bununla yanaşı, o, bütün bəşəriyyətə, eyni zamanda Azərbaycan xalqına məxsusdur. Onun seirləri, poemaları respublikamızda nəşr olunmuşdur. Sizin kimi, biz də bu bayramı mədəniyyət və dostluq bayramı kimi qeyd edirik... Hesab edirəm ki, bugünkü bayram qazax xalqının milli dirçəliş bayramı, qazax xalqının milli istiqlaliyyət bayramı, qazax xalqının millilik bayramıdır...

Qazax xalqı özünün milli istiqlaliyyətini, milli azadlığını əldə etmişdir, öz həyatını istədiyi kimi qurur. Belə hesab edirəm ki, Abayın bayramı onun məhz bu gün həyata keçən ideyalarının təntənəsinin bayramıdır... Bu münasibətilə sizi bir daha təbrik edir və Azərbaycan xalqının dostluq, qardaşlıq hisslərini sizə yetirirəm...”.

 

1995-ci il 12 avqust

 

Heydər Əliyev görkəmli ictimai xadim və yazıçı Şıxəli Qurbanovun ailə üzvlərini – həyat yoldaşı Xavər xanımı və qızı Gülnarə Qurbanovanı qəbul edib.

 

1995-ci il 27-29 avqust

 

Prezident Heydər Əliyev Bişkekdə qırğız xalqının “Manas” dastanının 1000 illik yubileyi tədbirlərində və türkdilli ölkələrin dövlət başçılarının 3-cü zirvə toplantısında iştirak edib.

“Manas” dastanının 1000 illiyinə həsr olunmuş təntənəli yığıncaqda (28 avqust) çıxışından:

“...“Manas” dastanının 1000 illik yubileyi qırğız xalqının böyük tarixini dünyaya bir daha nümayiş etdirir... “Manas” qırğız xalqının müdrikliyinin rəmzidir, zəkasının, qəhrəmanlığının, cəsarətinin rəmzidır. “Manas” qırğız xalqının böyük mədəni və mənəvi sərvətidir, bütün dünya sivilizasiyasının, bəşəriyyətin dəyərli sərvətidir, Türk dünyasının, İslam dünyasının böyük mənəvi sərvətidir. “Manas” Azərbaycan xalqının da mənəvi, mədəni sərvətidir. Manas bizim hamımızın, xalqlarımızın hamısının ulu babasıdır... Bizim şairlərimiz “Manas”ı Azərbaycan dilinə tərcümə ediblər. Sənətçilərimiz “Manas”ın sözlərini sazda çalırlar. Bu gün burada, ölkəmizdən gəlmiş nümayəndə heyətinin üzvləri arasında Azərbaycanın gözəl sənətçisi, “Manas”çı Mehriban xanım “Manas”ın Azərbaycanda nə qədər sevildiyini və yayıldığını nümayiş etdirəcəkdir.

“Manas”ın dili bizim hamımızın dilidir. Biz bir kökdən, bir dildən olan xalqlarıq. Ancaq əsrlərdən-əsrlərə dilimizdə müəyyən fərqlər yaranmışdır. Bir-birimizi qəlbən duyuruq, qəlbən anlayırıq, amma dilimizdə olan fərqlərə görə deyilən sözlərin bəzilərini anlaya bilmirik.

Qırğız və Azərbaycan xalqlarını ümumi köklərimizdən, tarixi keçmişimizdən, adət və ənənələrimizdən, dilimizdən və dinimizdən, bir çox başqa xüsusiyyətlərdən doğan çoxəsrlik dostluq telləri bağlayır... Biz bu yolla gedərək bütün xalqlarla, o cümlədən qırğız xalqı ilə dostluğumuzu möhkəmləndirəcəyik...”.

Hazırladı: Vüqar Orxan

(davamı var)