Amerika Birləşmiş Ştatlarının (ABŞ) ölkəmizdəki səfirliyində müvəqqəti işlər vəkili vəzifəsini icra edən Hüqo Gevara Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində olub.

Muzeyin şöbə müdiri Tomiris Babanlı ekspozisiya ilə tanış olan qonağa zəngin Azərbaycan ədəbiyyatı haqqında ətraflı məlumat verib, bu ədəbiyyatı yaratmış görkəmli şəxsiyyətlərin ana dilimiz, milli ədəbiyyatımız və mətbuatımız uğrunda fəaliyyətlərini diqqətə çatdırıb.

Muzeyin ekspozisiyasını bəzəyən tablolar, xalçalar, miniatürlər və xatirə əşyalarına da diqqətlə baxan Hüqo Gevara muzeyin timsalında Azərbaycan xalqının öz milli sərvətlərinə necə qayğı ilə sahib çıxdığının bir daha şahidi olduğunu söyləyib. Qonaq ölkəmizin mədəniyyətinə, ədəbiyyatına böyük maraq göstərdiyini qeyd edib.

Sonra diplomat ürək sözlərini muzeyin fəxri qonaqlar kitabına yazıb: “Azərbaycan incəsənətinə və poeziyasına hörmət bəsləyən nə gözəl muzey!”.

Qonağa müxtəlif kitab və bukletlər hədiyyə edilib.