Avqustun 29-da Beynəlxalq Muğam Mərkəzində tanınmış telejurnalist, Milli Qəhrəman Çingiz Mustafayevin (1960-1992) ad gününə həsr edilən “Çiçək lazımdır” adlı konsert keçirilib. Xatirə konserti Çingiz Mustafayev adına fondun təşəbbüsü ilə gerçəkləşib.  

Konsertdən əvvəl Milli Qəhrəmanın qardaşı Vahid Mustafayev çıxış edərək qonaqları salamlayıb və musiqi axşamının təşkilinə verdiyi dəstəyə görə Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib.

Sonra rusiyalı pianoçu, beynəlxalq müsabiqələr laureatı Nikolay Kuznetsov klassik musiqi əsərlərindən ibarət konsert proqramı ilə çıxış edib. Virtuoz ifaçı konsertin birinci hissəsində P.İ.Çaykovskinin “İlin fəsilləri”, növbəti bölümdə M.P.Musorqskinin “Sərgidəki rəsmlər” əsərlərini səsləndirib.

Qeyd edək ki, Çingiz Fuad oğlu Mustafayev I Qarabağ müharibəsində 1992-ci il iyunun 15-də Xocalı rayonu ərazisində, Naxçıvanik (Naxçıvanlı) kəndi yaxınlığında gedən döyüşləri lentə alan zaman şəhid olub. Bakıda Şəhidlər xiyabanında dəfn edilib. Ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Lalə Azəri