Laçın şəhəri günü təntənəli şəkildə qeyd olundu

 

Vətən müharibəsində işğaldan azad olunan bütün yurd yerlərimiz kimi, Şərqi Zəngəzurun dilbər guşələrindən olan Laçın rayonu da özünün yeni növrağını yaşayır. Otuz il ərzində düşmənin dağıdıb taladığı bu qədim elimiz yenidən qurulur, laçınlılar uzun ayrılıqdan sonra doğma yurdlarına qayıdırlar.

Yağıdan qurtarılmış şəhərlərimizlə bağlı təqvimimizə əlamətdar günlər də həkk olunub. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixində imzaladığı sərəncamla Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sərəncama əsasən, 26 avqust Laçın şəhəri günüdür.

Bu münasibətlə Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin  təşkilatçılığı ilə 26-27 avqust tarixlərində Laçında təntənəli tədbirlər keçirildi. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın da iştirak etdiyi tədbirdə doğma yurda qayıdan laçınlılarla yanaşı, mədəniyyət və incəsənət xadimləri, diplomatik korpusun nümayəndələri və digər qonaqlar vardı.  

Şəhər günü Laçının üç məkanında – Bayraq meydanı, Mənzərəli terras və Həkəri çayının sahili, bulvar ərazisində gerçəkləşdi.

Birinci gün Bayraq meydanında ilk olaraq “Sarı Aşıq və Yaxşı” dastan-tamaşası nümayiş etdirildi. Laçın elinin tanınmış bayatı ustadlarından olan Sarı Aşığın (XVI-XVII əsrlər) həyatı haqqında olan dastan-tamaşa maraqla qarşılandı.

Zəngin proqramı olan şəhər gününün təqdimatları müxtəlif zonalarda reallaşdı.

“Çay dəsgahı” zonasında Laçın elinin çay ənənələri təqdim edildi.

“Laçın bazarı” zonasında bədii sənətkarlıq nümunələri, əl işləri, suvenirlər, aksesuarlar, zərgərlik və keramika məmulatları və s. satışı həyata keçirildi. Bundan başqa, məkanda aktyorların ifasında maraqlı oyunlar və milli personajlardan hazırlanan maskotların gəzintisi təşkil edildi.

***

Bayram şöləni çərçivəsində Mənzərəli terrasda rəngarəng proqramlar həyata keçirildi. Məkanda xalq tətbiqi sənəti üzrə ustad dərsləri təşkil olundu. Ustad dərslərində şəbəkə, həsir sənəti, keramika, dulusçuluq, misgərlik, xalçaçılıq, tikmə, papaqçılıq, ipəkçilik və s. sahələr üzrə məlumat verildi, onların bir çoxunun hazırlanması prosesi əyani nümayiş etdirildi.

“Sərgi pavilyonu” zonasında qonaqlara “Laçın mənzərələri” adlı rəsm sərgisi, incəsənət düşərgəsində isə rəsm əsərlərinin çəkilməsi və uşaqlar tərəfindən ceyran maketlərinin boyanması nümayiş etdirildi.

“I love Lachın” yazılmış mənzərəli məkanda isə qonaqlar şəhərin füsunkar təbiətini seyr edib bu gözəlliyi öz telefonlarının və fotoaparatlarının yaddaşına köçürdülər. Bundan əlavə, məkanda A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının nəzdindəki “Oyuq” teatr-studiyası tərəfindən musiqili tamaşa təqdim edildi. Həmçinin Azərbaycan Dövlət Kukla Teatrının təqdimatında “Məlikməmməd” tamaşası nümayiş olundu.

 

Uşaq İncəsənət Festivalının yay düşərgəsi

 

Laçın şəhəri günü tədbirləri çərçivəsində Həkəri çayının sahilində, bulvar ərazisində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi, “BP Azerbaijan” şirkətinin baş sponsoru olduğu Uşaq İncəsənət Festivalının yay düşərgəsi keçirildi.

Düşərgədə xalq çalğı alətləri, rəssamlıq, bədii qiraət, xanəndəlik sənəti, aşıq sənəti, solo milli rəqs və s. nominasiyalar üzrə festivalın finalına vəsiqə qazanan 60-a yaxın uşaq iştirak edirdi.

Düşərgə müddətində uşaqlar üçün maraqlı və əyləncəli oyunlar, fləşmob keçirildi. Xalq artistləri, xanəndə Gülyanaq Məmmədova, tarzən Elçin Həşimov, Əməkdar artistlər, xoreoqraf Eteri Cəfərova, müğənni Anar Hüseynli, Əməkdar müəllim, professor Hökümə Əliyeva, müğənni Elnarə Xəlilova, aşıq Əli Quliyev, bədii qiraət ustası Xəzər Süleymanlı və başqaları tərəfindən müvafiq sahələr üzrə ustad dərsləri təşkil edildi.

Günün sonunda isə düşərgə iştirakçıları birlikdə ocaq ətrafında toplaşıb müxtəlif təamlardan dadaraq rəqs edib mahnılar səsləndirdilər.

“Hünər meydanı” zonasında zorxana, pəhləvanlar və kəndirbazlar maraqlı proqramla çıxış etdilər. Kulinariya məkanında qonaqlara Laçın mətbəxinin ləziz təamları, “Laçın poeziyası” adlı zonada isə aktyorların ifasında laçınlı şairlərin şeirlərindən ibarət bədii qiraət təqdim olundu.

 

Şəhər gününün musiqili qonaqları

 

Avqustun 26-da Həkəri çayının sahilində qurulmuş əsas səhnədə şəhər gününün möhtəşəm qala-konserti təşkil edildi.

Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, dövlət rəsmiləri, tanınmış mədəniyyət və incəsənət nümayəndələri və digər qonaqlar konserti izlədilər.

Konsertdən əvvəl dövlətimizin başçısı çıxış etdi.

Musiqi şölənində Xalq artistləri Azər Zeynalov, Nəzakət Teymurova, Teyyub Aslanov, Aygün Kazımova, Əməkdar artistlər Ramil Qasımov, Ehtiram Hüseynov, ifaçılar Kamilə Nəbiyeva, Aşıq Samirə, həmçinin “Natiq” ritm qrupu, Azərbaycan Dövlət Rəqs Ansamblı və Azərbaycan Xalq Çalğı Alətləri Orkestri (bədii rəhbər və baş dirijor – Xalq artisti Ağaverdi Paşayev), “Qaya” vokal ansamblı, “Laçın aşıqları” qrupu və “Laçın” muğam qrupu çıxış etdilər.

Proqramda “Qarabağ” kompozisiyası, Ü.Hacıbəylinin “Cəngi”, V.Adıgözəlovun “Bayram süitası”, O.Kazıminin “Ey həyat, sən nə qəribəsən?”, C.Cahangirovun “Cənnətim Qarabağ”, E.İbrahimovanın “Ey Vətən”, B.Nəsibovun “Qarabağ”, Ə.Məmmədovun “Xudayar təsnifi”, N.Mirməmmədlinin “Azərbaycan”, M.Kazımovun “Laçınım” əsərləri tamaşaçıların qəlbinə hərarət bəxş elədi. “Qarabağ şikəstəsi”, “Ay Laçın” xalq mahnısı, aşıq havaları çələngi, “İgidlər” rəqsi, “Qarabağ yallısı” da konsertə xüsusi ab-hava qatdı. Konsertin sonunda bütün ifaçılar tərəfindən birgə səsləndirilən R.Hacıyevin “Azərbaycan” mahnısı Laçının qurtuluşuna dəyərli sənət ərməğanı oldu, böyük alqışlarla qarşılandı.

 

Bir səhnə – üç tamaşa

 

Laçın şəhəri günü həm də tamaşa nümayişləri ilə yadda qaldı. Həkərinin sahilindəki böyük səhnədə Azərbaycan Dövlət Akademik Musiqili Teatrı kollektivinin təqdimatında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası nümayiş etdirildi. 110 yaşlı səhnə incisi həmişəki kimi, alqışlarla qarşılandı. 

Şuşa Dövlət Musiqili Dram Teatrı Laçın elinin bayramına “Dədə Qorqud” soraqlı səhnə əsərini – “Dəli Domrul” tamaşasını gətirmişdi. Tamaşa Altay Məmmədovun “Kitabi-Dədə Qorqud” dastanının “Duxa Qoca oğlu Dəli Domrulun boyu” əsasında qələmə aldığı eyniadlı pyes əsasında hazırlanıb. Tamaşada dünyanın faniliyi, məhəbbətin ucalığı ön plana çəkilir. Əzrayıla belə meydan oxuyan Dəli Domrulun sərgüzəştləri tamaşaçıların diqqətini səhnəyə bağlaya bildi.

Azərbaycan Dövlət Pantomima Teatrı isə “Pantomim buketi” tamaşasını nümayiş etdirdi. Teatrın ilk yaradıcılıq nümunələrindən olan “Pantomim buketi” 1994-cü ildə hazırlanıb. İntermediya nömrələrindən ibarət tamaşa 2022-ci ildə yenilənmiş aktyor heyəti ilə bərpa edilib. Bu səhnə əsəri də maraqla qarşılandı.

***

Laçın şəhəri günü tədbirlərinin birinci gününün sonunda axşam Həkəri çayının sahilində möhtəşəm atəşfəşanlıq oldu. 30 il düşmən əsarətində qalmış şəhərin səması rəngbərəng işıqlara büründü. Bütün dağ-daş doğma adamların, bu yurdun həqiqi sahiblərinin gəlişindən xəbərdar oldu...

Qarşıda Cəbrayıl (4 oktyabr), Füzuli (17 oktyabr) Zəngilan (20 oktyabr), Qubadlı (25 oktyabr), Şuşa (8 noyabr), Ağdam (20 noyabr) və Kəlbəcər (25 noyabr) şəhəri günləri var.

Nurəddin Məmmədli
Foto: Həbib Hüseynov
Bakı-Laçın-Bakı