Avqustun 29-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Qaradağ rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masa keçirilib.

Tədbir Qaradağ Rayon İcra Hakimiyyəti və YAP Qaradağ rayon təşkilatının birgə təşkilatçılığı ilə gerçəkləşib.

Əvvəlcə Heydər Əliyev Mərkəzinin binası önündə Ulu öndərin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edilib.

Sonra Dövlət Himni səsləndirilib, videoçarx nümayiş olunub.

Rayonun icra başçısı Süleyman Mikayılov çıxış edərək Ulu öndərin hər zaman milli-mənəvi dəyərlərimizə diqqət və qayğı göstərdiyini, dilimizin də qorunmasına və inkişafına daim həssaslıqla yanaşdığını bildirib.

YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev qeyd edib ki, məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində 1978-ci ildə qəbul olunmuş Azərbaycan SSR-in Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olunub, Ümummilli lider ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra dilimizin inkişafı naminə bir çox qərarlar qəbul edilib.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, YAP Veteranlar Şurasının üzvü, “91”lərdən Tahir Məmmədov, Türkiyənin ölkəmizdəki səfirliyinin keçmiş hərbi attaşesi, general Yücel Karauz, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, filologiya elmləri üzrə fəlsəfə doktoru Gülbəniz İsmayılzadə, AMEA-nın Dilçilik İnstitutu Toponimiya şöbəsinin müdiri Elçin İsmayılov mövzu ilə bağlı çıxış ediblər.