Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sərəncama əsasən, 26 avqust Laçın şəhəri günüdür. Bu münasibətlə bölgələrdə bir sıra tədbirlər keçirilib.
Ağdam rayon Heydər Əliyev Mərkəzi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə “26 avqust – Laçın şəhəri günü”nə həsr olunmuş maarifləndirici görüş keçirilib. Çıxışlarda Laçın rayonunda həyata keçirilən bərpa-quruculuq işlərindən, əhalinin doğma yurda qayıdışından bəhs edilib. Sonra görüş iştirakçıları “Laçınım, azadlığın mübarək!” mövzusunda təşkil olunan sərgi ilə tanış olublar.
***
Oğuz rayon MKS-nin Kərimli kənd kitabxanası "Əzəli-əbədi yurdumuz Laçın" adlı tədbir təşkil edib. Şagirdlər Laçına həsr olunmuş şeir və mahnılar səsləndiriblər. Mövzu ilə bağlı sərgi nümayiş etdirilib.
***
Şərqi Zəngəzur Regional Gənclər və İdman, Mədəniyyət və Təhsil idarələri, 1 saylı Sumqayıt regional "ASAN Xidmət" Mərkəzi və Sumqayıt Gənclər evinin birgə təşkilatçılığı ilə "Laçın, sən azadsan!" adlı tədbir keçirilib. Şərqi Zəngəzur RMİ-nin rəisi Rəşad Əliyev çıxış edərək əlamətdar gün münasibətilə laçınlılara təbriklərini çatdırıb. Tədbir Qubadlı rayon Mədəniyyət evinin, 1 saylı Sumqayıt regional “ASAN Xidmət” Mərkəzinin təşkilatçılığı ilə hazırlanan şeir, musiqi və kompozisiyalarla davam etdirilib.
***
Salyan rayon Mədəniyyət Mərkəzinin Kürqaraqaşlı kənd Diyarşünaslıq evində keçirilən tədbirdə Laçın şəhərinin tarixindən danışılıb, məktəblilər Vətənə, şəhidlərə həsr olunan şeirlər söyləyib, mahnılar ifa ediblər. Sonda Kürqaraqaşlı kənd kitabxanasının təşkil etdiyi sərgiyə baxış olub.
***
Lənkəran şəhər Heydər Əliyev Mərkəzi və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lənkəran rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə "Can sənə qurban, ay Laçın!" adlı tədbir keçirilib. Çıxışlarda işğaldan azad edilmiş ərazilər üzrə təsis edilmiş şəhər günləri haqqında dövlət başçısının imzaladığı sərəncamın əhəmiyyətindən, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Ordumuzun göstərdiyi qəhrəmanlıqdan danışılıb.
Astara rayon Heydər Əliyev Mərkəzində “Laçın – məğrur şəhərin hekayəsi” mövzusunda tədbir təşkil edilib. Əvvəlcə Ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Çıxışlarda Laçının tarixindən və 44 günlük Vətən müharibəsində əldə edilmiş Qələbədən söhbət açılıb. Sonda tədbir iştirakçıları Astara Dövlət Rəsm Qalereyasındakı rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Hazırladı: N.Məmmədli