Azərbaycan Dili və Ədəbiyyatı Forumu sentyabrın 1-də günün ikinci yarısında işini "Azərbaycan dili və ədəbiyyatı zaman kontekstində: klassik ənənələr və müasir trendlər" mövzusunda II panel müzakirə ilə davam etdirdi.

Yazıçı Azər Qismətin moderatorluğu ilə keçən panel iclasda Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı "Çağdaş Azərbaycan ədəbiyyatı mövcud vəziyyət, problemlər və perspektivlər" mövzusunda çıxışında dilimizə daxil olan gəlmə sözlər və ədəbiyyatın regionlara çatdırılması ilə bağlı fikirlərini bölüşdü.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik, millət vəkili Rafael Hüseynov "Azərbaycan ədəbiyyatının dünyaya inteqrasiyası: beynəlxalq təcrübədə istifadə olunan modellər" mövzusu üzrə çıxış etdi. Mədəni və mənəvi, siyasi tutumu olan forumun mövzularının aktual problemləri əhatə etdiyini deyən akademik tədbiri dilimizin keşiyində dayanılmasının vacibliyini önə çəkən müqəddimə kimi dəyərləndirdi: "Bu toplantı bizi türklüyümüzə sadiq olub dünyəviləşməyə çağırır. Biz öz dilimizin gələcəyini düşünmək üçün bir araya gəliriksə, gələcəkdə bu sahə üzrə mükəmməl nəticələr də ortaya çıxacaq".

Millət vəkili, yazıçı Aqil Abbas gənc yazarların yaradıcılığı, müasir tendensiyalar, janr və yeniliklərə inteqrasiya ilə bağlı ədəbiyyat və dil sahəsində mühüm addımların atılmasının vacibliyini önə çəkdi.

Yazıçı Şərif Ağayar kitab nəşri və yayım sahəsində problemlər barədə söz açdı, təkliflərini dilə gətirdi.

Yazıçılar Birliyi sədrinin müşaviri, yazıçı Sayman Aruz Cənubi Azərbaycanda dil və ədəbiyyat problemlərindən danışdı.

Şair Qismət Rüstəmov "Ədəbi yaradıcılığın stimullaşdırılması: beynəlxalq və milli ədəbiyyat mükafatları” mövzusundan bəhs etdi, təkliflərini səsləndirdi. O, Azərbaycanın beynəlxalq ədəbi konvensiyalara qoşulmasını da günün tələbi kimi dəyərləndirdi.

Panelin sonunda mövzular üzrə müzakirələr aparıldı, suallar cavablandırıldı.

Qeyd edək ki, forum 2-3 sentyabr tarixlərində öz işini Bakıda, "Gülüstan" Sarayında panel müzakirələrlə davam etdirəcək.

Lalə