AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi Əməkdar elm xadimi, Prezident təqaüdçüsü, filologiya elmləri doktoru, professor Fəridə Vəlixanova 4 sentyabr 2023-cü il tarixində, 88 yaşında dünyasını dəyişib.
Fəridə Ağaəli qızı Vəlixanova 1935-ci il oktyabrın 21-də Bakı şəhərində anadan olub. 132 nömrəli orta məktəbi qızıl medalla bitirib. 1953-1958-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda elmi fəaliyyət başlayıb. Sonra SSRİ EA-nın M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aspiranturasına daxil olub və 1964-cü ildə görkəmli ədəbiyyatşünas akademik Q.İ.Lomidzenin rəhbərliyi altında “Səməd Vurğun poeziyasının rus dilinə tərcümələri” mövzusunda namizədlik (fəlsəfə doktoru), 1977-ci ildə isə “Azərbaycan sovet poeziyası rus dilində” mövzusundakı doktorluq dissertasiyalarını müdafiə edib.
1982-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun tərkibində Bədii tərcümənin nəzəriyyəsi, tarixi və təcrübəsi şöbəsi yaradılıb və F.Vəlixanova şöbənin müdiri təyin edilib.
F.Vəlixanova Moskvada və Bakıda çap olunmuş “Azərbaycan sovet ədəbiyyatı tarixi oçerkləri”, ikicildlik “Azərbaycan sovet ədəbiyyatı tarixi”, yeddicildlik “Çoxmillətli sovet ədəbiyyatı tarixi”, altıcildlik “Azərbaycan ədəbiyyatı tarixi” kitablarında ədəbiyyatımızın beynəlxalq əlaqələrinə aid və s. icmal oçerklərlə həm müəllif, həm də elmi redaktor kimi iştirak edib.
Görkəmli alim 1993-2013-cü illərdə Prezident yanında Ali Attestasiya Komissiyası Ekspertlər Şurasının üzvü, Moskva və Azərbaycan Yazıçılar Birliyinin üzvü, bir sıra jurnal və məcmuələrin redaksiya heyətlərinin üzvü olub.
Azərbaycan ədəbiyyatşünaslıq elmi sahəsindəki xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilən F.Vəlixanova “Əməkdar elm xadimi” fəxri adına və Prezident təqaüdünə layiq görülmüşdü.
Allah rəhmət eləsin.