Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında 92-ci sənət mövsümünün başlanması münasibətlə kollektivin geniş tərkibdə toplantısı keçirilib.

Teatrın direktoru Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə kollektivə yeni yaradıcılıq uğurları arzulayaraq, ötən mövsümdə olduğu kimi, bu mövsümdə də maraqlı layihə və yaradıcı ideyaların realizə olunacağını deyib.

Yay məzuniyyəti müddətində də kuklaçıların səyyar tamaşalar, mədəni-sosial layihələrdə iştirak etdikləri diqqətə çatdırılıb. O cümlədən 26 avqust – “Laçın şəhər günü” tədbirləri çərçivəsində teatrın və teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının tamaşa-konsertlə çıxış etdiyi xüsusi vurğulanıb.

Toplantıda Ulu öndər Heydər Əliyevin 100 illik, peşəkar milli teatrımızın 150 illik yubileyi ilə əlaqədar ilin sonunadək görüləcək işlərə nəzər salınıb. Bildirib ki, yeni mövsümə sentyabrın 15-də – “Bilik günü”ndə start verəcək. Həmin gün balacalara yeni səhnə nümunəsi – “Melisa” tamaşası (rejissor S.Haqverdiyeva) təqdim olunacaq.

İlin sonunadək daha iki tamaşanın hazırlanacağını deyən R.Əhmədzadə kollektivə beynəlxalq festivallara dəvətlərlə bağlı ünvanlanan müraciətlər barədə də məlumat verib.

***

Azərbaycan Dövlət Kukla Teatrı yeni mövsümün ilk ayı – sentyabr üçün repertuarı da elan edib.