Madriddə keçirilən beynəlxalq sərgidə ilk dəfə olaraq Azərbaycan turizmi ilə yanaşı, ölkəmizin idmanı da təmsil olunur
Xəbər verdiyimiz kimi, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yanvarın 25-dən İspaniya Krallığı və Andorra Knyazlığında rəsmi səfərdədir. Fevralın 2-dək davam edəcək səfərdə məqsəd Barselona şəhəri və Andorra Knyazlığının turizm potensialı ilə tanışlıq, qış turizmi sahəsində təcrübə mübadiləsi və qarşılıqlı əməkdaşlıq məsələlərinin müzakirəsidir.
Nazir yanvarın 30-da İspaniyanın Madrid şəhərində \"FİTUR\" beynəlxalq turizm sərgisinin açılışında iştirak edib. Bir çox ölkələrin turizm nazirləri və rəsmi nümayəndə heyətləri rəhbərlərinin qatıldığı tədbiri şahzadə Filipe de Burbon i Gresiya açıb. Dünyanın 167 ölkəsindən 9000 şirkətin təmsil olunduğu sərgidə, 70 minə yaxın ziyarətçinin iştirak edəcəyi gözlənilir.
Həmin gün Əbülfəs Qarayev Argentinanın turizm naziri Meyerlə, Andorranın turizm və ətraf mühit naziri Francesk Kamp Torres və İspaniyanın turizm üzrə dövlət katibi İsabel Barrego ilə görüşlər keçirib. Görüşlərdə tərəflər turizm sahəsində ikitərəfli əlaqələrin perspektivliyi, o cümlədən turizm sahəsində əməkdaşlıq sazişlərinin imzalanması və bir sıra konkret layihələrin müzakirəsi ətrafında fikir mübadiləsi aparıblar. Əbülfəs Qarayev bu ilin 29 may - 1 iyun tarixlərində Bakıda keçirilməsi nəzərdə tutulan II Dünya Mədəniyyətlərarası Dialoq Forumu barədə məlumat verib, Argentinanın və Andorranın nazirlərini, İspaniyanın dövlət katibini forumda iştirak etməyə dəvət edib.
Nazirin səfər proqramına Dünya Turizm Təşkilatının dəstəyi ilə gerçəkləşən \"Know-How\" tədbirlərində iştirak da daxildir.
"Bakı"-“Atletiko" əməkdaşlığı ölkəmizin reklamına xidmət edir”
Qeyd edək ki, ilk dəfə olaraq Mədəniyyət və Turizm Nazirliyinin iştirak etdiyi beynəlxalq turizm sərgisində Azərbaycanın idman sektoru da təqdim olunur. Milli stendimizin idman bölməsində ölkəmizi \"Bakı\" futbol klubu təmsil edir. Sərginin açılış mərasiminə qatılan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyev stendlə tanış olaraq sərgi iştirakçılarına uğurlar arzulayıblar.
Tədbirdə akkreditasiya olunmuş jurnalistlərin suallarını cavablandıran nazir \"Bakı\" futbol klubu və Madridin \"Atletiko\" klubu arasında əldə olunan anlaşmanı və klubumuzun “FİTUR” sərgisində iştirakını yüksək dəyərləndirib: \"Şadam ki, \"Bakı\" klubu bizim təşəbbüsümüzə qoşularaq bu önəmli tədbirdə iştirak edir. Azərbaycan bölümünə maraq olduqca böyükdür. Burada \"Bakı\" klubunun da özünəməxsus payı var. \"Bakı\" futbol klubunun \"Atletiko\" ilə əməkdaşlığı olduqca böyük hadisədir. Bu əməkdaşlığın mahiyyəti tək idman sahəsinə aid deyil, eyni zamanda digər sahələrdə də öz əksini tapır. Bu, ölkəmiz adına uğurdur, Azərbaycan üçün faydalıdır, ölkəmizin reklamına xidmət edir, turizm və idman potensialı üçün yeni üfüqlər açır. \"Atletiko\" futbolçularının “FİTUR” sərgisində Azərbaycana dəstək ziyarəti sanballı addımdır və bunun effektinin yüksək olacağını artıq indidən söyləmək olar. Arzu edərdim ki, digər idman qurumlarımız da \"Bakı\" klubunun fəaliyyətindən nümunə götürsünlər\".