Olaylar, faktlar (3–7 sentyabr)

 

240 il əvvəl...

 

3 sentyabr 1783-cü ildə Amerika Birləşmiş Ştatlarının müstəqillik müharibəsi başa çatıb. Parisdə Britaniya və ABŞ nümayəndələri arasında sülh sazişi imzalanıb. Britaniya Şimali Amerikadakı müstəmləkələrinin (13 ştat) müstəqilliyini tanıyıb. Bunun ardınca Amerikada müstəmləkələri olan Fransa, İspaniya və Niderland da analoji addımı atıblar.

 

219 il əvvəl...

 

4 sentyabr 1804-cü ildə İrəvan xanlığının Qəmərli kəndi (indiki Ermənistanda Artşat qəsəbəsi) yaxınlığında Rusiya-İran müharibəsinin (1804-1813) növbəti döyüşü olub. Ruslar məğlub olaraq geri çəkiliblər. Bundan öncə Üçmüədzin döyüşündə (27 iyul) də İran qoşunları qalib gəlmişdi. Bununla belə, Rusiya 1805-ci ildə müharibədə üstünlüyü ələ keçirdi, Şəki və Qarabağ xanlıqlarını özünə birləşdirdi.

 

211 il əvvəl...

 

7 sentyabr 1812-ci ildə Rusiya-Fransa müharibəsində Borodino kəndi yaxınlığında (indiki Moskva vilayətinin Mojaysk rayonunun ərazisində) böyük döyüş olub. İki sərkərdə – Napoleonla Kutuzovun üz-üzə gəldiyi döyüşdə Fransa qoşunları məğlub olub. Napoleonun ordusu 58 min nəfər (o cümlədən 47 general), Rusiya qoşunları 44 min nəfər (o cümlədən 23 general) itki vermişdi.

 

201 il əvvəl...

 

7 sentyabr 1822-ci ildə Portuqaliyanın Cənub Amerikadakı ən böyük müstəmləkəsi olan Braziliya müstəqilliyini elan edib. Ölkə 1889-cu ildə Britaniya Federativ Respublikası, 1891-ci ildə isə Braziliya Birləşmiş Ştatları adını aldı.

 

197 il əvvəl...

 

3 sentyabr 1826-cı ildə Şəmkir ətrafında ikinci Rusiya-İran müharibəsinin (1826-1828) ilk döyüşü baş verib. Şahzadə Abbas Mirzənin başçılıq etdiyi İran qoşunları məğlubiyyətə uğrayıb.

 

105 il əvvəl...

 

6 sentyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin başçılığı ilə nümayəndə heyəti İstanbulda Osmanlı Sultanı VI Mehmet Vahdettin tərəfindən qəbul edilib. Bu, Xalq Cümhuriyyəti heyətinin ilk xarici səfəri idi.

 

98 il əvvəl...

 

7 sentyabr 1925-ci ildə Vyanada (Avstriya) keçirilən beynəlxalq konfransda Beynəlxalq Cinayət Polisi Komissiyası yaradılıb. 1946-cı ildə qurum İnterpol (Beynəlxalq Polis) adlandırılıb.

 

52 il əvvəl...

 

3 sentyabr 1971-ci ildə Qətər müstəqilliyini elan edib. XVI əsrdən 1916-cı ilədək Osmanlı imperiyasının tərkibində olan Qətər daha sonra Britaniyanın protektoratlığına keçmişdi.

 

32 il əvvəl...

 

3 sentyabr 1991-ci ildə Naxçıvan Ali Məclisinin fövqəladə sessiyasında təşkilati məsələyə baxılıb. Deputatların yekdil qərarı ilə xalq deputatı Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri seçilib. Heydər Əliyev 1993-cü ilin iyununadək muxtar respublikaya rəhbərlik etdi.

 

32 il əvvəl...

 

5 sentyabr 1991-ci ildə Prezident Ayaz Mütəllibov Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaradılması barədə fərman verib. C.Naxçıvanski adına hərbi məktəbin rəisi general-leytenant Valeh Bərşadlı ölkənin ilk müdafiə naziri təyin edilib.

Hazırladı: V.Orxan