Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...

(əvvəli ötən sayımızda)

1995-ci il 1 sentyabr

 

Prezident Heydər Əliyev dahi bəstəkar, milli operanın banisi Üzeyir Hаcıbəylinin 110 illik yubileyi hаqqındа sərəncam imzalayıb. Yubileyin hazırlanması və keçirilməsi məqsədilə Təşkilat komitəsi (sədr: Baş nazirin müavini Elçin Əfəndiyev, müavinlər: Аzərbaycan Bəstəkarlar İttifaqının sədri Tofiq Quliyev və Аzərbaycan Yazıçılar Birliyinin sədri Аnar) yaradılıb.

Prezident Heydər Əliyev Аzərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətləri olan bəstəkar Müslüm Maqomayevin 110 illik yubileyi haqqında sərəncam imzalayıb. Yubileylə bağlı Təşkilat komitəsi yaradılıb.

Prezident Heydər Əliyev həmçinin görkəmli rus şairi Sergey Yeseninin 100 illiyinin Аzərbaycanda keçirilməsi ilə əlaqədar sərəncam imzalayıb.

 

1995-ci il 13 sentyabr

 

Heydər Əliyev Azərbaycan Yazıçılar Birliyinin sədri Anarı, birliyin üzvləri Bəxtiyar Vahabzadəni və Zəlimxan Yaqubu qəbul edib.

 

1995-ci il 16 sentyabr

 

Prezident Heydər Əliyevin fərmanı ilə Аzərbaycan mədəniyyətinin inkişafında, dahi bəstəkar Üzeyir Hacıbəylinin ədəbi və musiqi irsinin qorunması və təbliğində böyük xidmətlərinə görə bəstəkarın ev-muzeyinin direktoru Ramazan Xəlilov “Şöhrət” ordeni ilə təltif edilib.

 

1995-ci il 18 sentyabr

 

Prezident Heydər Əliyev “Üzeyir musiqi gününün keçirilməsi haqqında” fərman imzalayıb. Fərmanda qeyd olunur ki, Üzeyir Hacıbəyovun Azərbaycan musiqi sənətinin inkişafında misilsiz xidmətlərini nəzərə alaraq, böyük sənətkara xalq ehtiramının və məhəbbətinin təcəssümü olaraq hər il onun doğum günü – 18 sentyabrda “Üzeyir musiqi günü” keçirilsin.

Heydər Əliyev həmin gün Respublika Sarayında dahi bəstəkarın 110 illiyinə həsr olunmuş yubiley gecəsində nitq söyləyib.

“...Azərbaycanda opera sənətinin tarixi “Leyli və Məcnun” operası ilə başlayır... Sonra Üzeyir Hacıbəyov ardıcıl olaraq gözəl, dəyərli musiqi əsərlərini yazmış və xüsusən “Arşın mal alan”, “O olmasın, bu olsun” operettaları ilə məşhurlaşmış, bütün sonrakı fəaliyyətini Azərbaycan musiqisinin, mədəniyyətinin inkişafına həsr etmişdir.

Üzeyir Hacıbəyov ilk müstəqil Azərbaycan dövlətinin “Azərbaycan” qəzetinin redaktoru olmuş və bu qəzetin fəaliyyətində həm öz məqalələri ilə, həm də rəhbərliyı ilə çox böyük xidmətlər göstərmişdir... Azərbaycanda musiqi məktəbinin, ali musiqi təhsilinin yaranması, incəsənətin geniş inkişaf etməsi, mədəniyyətin inkişaf etməsi Üzeyir Hacıbəyovun fəaliyyəti ilə bağlıdır... Azərbaycanda Üzeyir Hacıbəyov məktəbinin təsiri altında bəstəkarlar ordusu yaranmışdır. Xalqımızın böyük dastanı olan “Koroğlu” dastanının Üzeyir Hacıbəyov tərəfindən istifadə olunması, “Koroğlu” operasını yaratması Azərbaycan tarixində, mədəniyyətində, bədii həyatında çox böyük və əvəzsiz bir hadisədir...

Üzeyir Hacıbəyovun ən böyük xidmətlərindən biri müstəqil Azərbaycanın ilk himnini yaratmasıdır... Onun yazdığı hər bir əsər, hər bir not vərəqi bizim üçün qiymətlidir. Çünki bunlar hamısı Azərbaycan xalqının dirçəlməsinə, mədəniyyətinin inkişaf etməsinə, xalqımızın özünü tanımasına xidmət edibdir.

Mən böyük məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, ötən vaxtlarda da Üzeyir Hacıbəyovun yubileylərinin keçirilməsinin təşkilatçılarından, iştirakçılarından olmuşam. Üzeyir Hacıbəyovu xalqımız heç vaxt unutmayıbdır. Xalq onu daim qəlbində saxlayıb, mədəniyyətimiz onun yaradıcılığından daim bəhrələnərək inkişaf edibdir. Buna görə də Üzeyir Hacıbəyovun anadan olması gününü biz hər il qeyd edirik...

...Üzeyir Hacıbəyovun vətəni olan Şuşada – bütün Azərbaycan onun vətənidir, ancaq gəncliyini Şuşada keçirmişdir – ona görə orada da ev-muzeyi yaradılmış, heykəli qoyulmuşdu... Orada təkcə Üzeyir Hacıbəyovun yox, böyük sənətkarımız Bülbülün də, böyük şəxsiyyət Natəvanın da heykəli qoyulmuşdu, başqa heykəllər də var idi. 1992-ci ilin may ayında Şuşa Ermənistan tərəfindən işğal olundu. İşğalçılar çox şeyləri dağıtdılar, o cümlədən mədəniyyətimizin abidələrini də. Onlar Üzeyir Hacıbəyovun, Bülbülün, Natəvanın heykəllərini nəinki dağıtdılar, hətta vəhşiliyi o qədər büruzə verdilər ki, o heykəlləri güllələdilər... Faşistliyin, vəhşiliyin dərəcəsi yoxdur. Ermənistan işğalçılarının bu hərəkətləri məhz bunu sübut edir. Ancaq erməni işğalçıları heç də elə bilməsinlər ki, o güllələr Üzeyir Hacıbəyov, Bülbül, Natəvan yaradıcılığını sarsıda bilər, yox! Elə düşünməsinlər ki, bu güllələr Azərbaycan xalqının mənəviyyatını sarsıda bilər, yox! Elə güman etməsinlər ki, Şuşanın işğalı daimi ola bilər. Yox, ola bilməz!

Biz bu gün Üzeyir Hacıbəyovun 110 illik yubileyini qeyd edərək əmin olduğumuzu bildiririk ki, Üzeyir Hacıbəyovun irsi yaşayacaq və onun yaşadığı yerlərin hamısı ziyarətgaha çevriləcəkdir... Biz əminik ki, bütün Qarabağ, işğal olunmuş bütün torpaqlarımız azad ediləcək, müstəqil Azərbaycan öz ərazilərinin hamısının, öz sərhədlərinin sahibi olacaqdır.

Nəyin bahasına olursa-olsun, hansı yolla olursa-olsun Şuşa da, Qarabağ da, işğal edilmiş bütün torpaqlarımız da azad olunacaq – Azərbaycan xalqının iradəsi ilə azad olunacaq, Azərbaycanın qəhrəman oğullarının şücaəti ilə azad olunacaq, Azərbaycanın ərazi bütövlüyü təmin ediləcəkdir...”.

 

1995-ci il 20 sentyabr

 

Heydər Əliyev musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, Xalq artisti Rauf Hacıyevlə vida mərasimində iştirak edib.

 

1995-ci il 9 oktyabr

 

Prezident Heydər Əliyev Bakıda səfərdə olan Pakistan İslam Respublikasının Prezidenti Fərrux Əhməd xan Leqari ilə birlikdə Opera və Balet Teatrında “Leyli və Məcnun” operasına tamaşa edib.

Hazırladı: Vüqar Orxan

(davamı var)