Bakıda tarixi yurd yerlərimizin mədəni zənginlikləri təqdim olunub

 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 3-də Heydər Əliyev Mərkəzinin qarşısındakı parkda Qərbi Azərbaycanın etnomədəni mühitinin, habelə qeyri-maddi mədəni irsinin nümayiş etdirilməsi məqsədilə tədbir təşkil olunub.

Tədbirdə Milli Məclisin deputatları, media nümayəndələri, paytaxt sakinləri və şəhərimizin qonaqları iştirak ediblər.

“Qərbi Azərbaycanın etnomədəni mühitinə səyahət” adlı tədbirdə Qərbi Azərbaycana məxsus milli geyim və mətbəx stendi, gündəlik həyatda istifadə olunmuş məişət əşyaları, tarixi abidələrin 3D maketləri nümayiş etdirilib.

Tədbirdə təqdim olunan konsert proqramında Vətən, doğma yurdu tərənnüm edən mahnılar və Qərbi Azərbaycan elinin aşıq havaları səsləndirilib.

Qərbi Azərbaycan İcması İdarə heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli açıqlamasında tədbirin önəmini vurğulayaraq deyib: “Qərbi Azərbaycan İcması olaraq əsas məqsədimiz tarixi torpaqlarımızdakı Azərbaycan mədəni irs nümunələrinə sahib çıxmaq, bunu dünya ictimaiyyətinə çatdırmaqdır. Bu tədbir də həmin silsilədən atılan addımlardan biridir. Şübhəsiz ki, biz bu cür sərgilərin davamlı olmasını nəzərdə tuturuq. Sentyabrın sonuna qədər ölkədə bir neçə belə sərgi keçiriləcək. Bu qəbildən sərgiləri xarici ölkələrdə də təşkil etməyi nəzərdə tutmuşuq”.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova tədbirin məqsədinin Qərbi Azərbaycanın etnomədəni mühitinin rekonstruksiya edilməsi, o cümlədən vaxtilə həmin torpaqlarda, mahallarda, yaylaqlarda xalqın keçirdiyi bayram şənliklərinin əhval-ruhiyyəsinin canlandırılması olduğunu vurğulayıb. Qeyd edib ki, bu tədbirin Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində onun adını daşıyan mərkəzin qarşısında keçirilməsi də rəmzi xarakter daşıyır. Ümummilli lider inanırdı ki, nə vaxtsa ədalət bərpa olunacaq və Qərbi azərbaycanlılar öz yurdlarına qayıda biləcəklər.

Vətən müharibəsində qazanılan şanlı Qələbədən sonra keçmiş məcburi köçkünlərin Qarabağa, Şərqi Zəngəzura dönmək imkanı əldə etdiklərini diqqətə çatdıran nazir müavini deyib: “Şanlı Qələbədən sonra Qərbi azərbaycanlıların da öz ata-baba ocaqlarına qayıtmaq ümidi yaranıb. Dövlətimizin başçısının çıxışlarında Qərbi azərbaycanlıların da öz yurdlarına qayıdacağını bildirməsi ümidlərin, xəyalların reallığa çevriləcəyi günün çox da uzaqda olmadığına bir işarədir. Həmin imkan sülh müqaviləsi imzalanandan sonra yaranacaq. Vaxt gələcək həmin doğma torpaqlara da qayıdacaq, qurub-yaradacaq və Azərbaycan mədəniyyətini çiçəkləndirəcəyik”.

Qərbi Azərbaycan İcmasının sədr müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu xüsusilə indiki dövrdə bu sərginin təşkilinin önəmli olduğunu qeyd edib: “Sərgidə təqdim olunan maddi mədəniyyət nümunələri bir daha onu göstərir ki, Qərbi Azərbaycan xalqımızın milli-mədəni inkişafının formalaşdığı coğrafiyalardan biridir. Qərbi azərbaycanlıların ermənilər tərəfindən soyqırımına, etnik təmizləmə siyasətinə məruz qalmasına baxmayaraq, bu gün yenidən böyük coşqu ilə öz hüquqlarını tələb etmələri məhz bu mədəniyyətdən, tariximizdən və milli yaddaşımızdan aldığımız güclə əlaqədardır. BMT və digər beynəlxalq təşkilatlar, strukturlar artıq Qərbi azərbaycanlıların müraciət və çağırışlarını cavabsız qoymurlar. Gec-tez Ermənistan rəhbərliyi də bu çağırışlara cavab vermək məcburiyyətində qalacaq...”.