Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un ənənəvi layihələrindən olan “Türk dünyası rəssamlarının görüşü” bu ildən tematik silsilələr formatında davam etdirilir. Bu formatda ilk sənət görüşü Macarıstanda gerçəkləşib. TÜRKSOY-un və Macarıstanın Lakitelek Fondunun birgə təşkilatçılığı ilə keçirilən rəssamlar toplantısı ünlü macar şairi Şandor Petöfinin (1823-1849) anadan olmasının 200-cü ildönümünə həsr olunub.
Sənət görüşünə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistanın tanınmış rəssamları qatılıb. Ölkəmizdən layihədə Xalq rəssamları Sakit Məmmədov və Arif Əziz iştirak ediblər.
Türk dünyasının rəssamları Macarıstanın cənubunda qədim tarixə və füsunkar təbiət mənzərələrinə malik Lakitelek kəndində təşkil edilən sənət düşərgəsində öz əsərlərini yaradıblar.
Macarıstan Dövlət Məclisində (parlament) layihəyə həsr olunmuş mətbuat konfransında TÜRKSOY-un baş katibi Sultan Raev və vitse-spiker Şandor Lejak çıxış ediblər.
Sultan Raev “Türk dünyası rəssamlarının tematik görüşü” silsiləsindən birinci tədbirin məşhur şair, Macarıstanın azadlığı uğrunda mübarizənin liderlərindən biri olmuş Şandor Petöfinin yubileyinə həsr edilməsinin əlamətdar hadisə olduğunu deyib: “Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı olaraq, dünyada mədəniyyətin, incəsənətin və ədəbiyyatın inkişafına kömək edən bütün tərəfdaşlarımızı qiymətləndiririk və belə tədbirləri dəstəkləməyə çalışırıq. Bu il TÜRKSOY-un çərçivəsində Şandor Petöfiyə həsr olunmuş müxtəlif tədbirlər təşkil etmişik. Onun 200 illik yubileyinin qeyd edilməsi çərçivəsində poetik tərcümələr üzrə müsabiqə keçirmişik. Türk dünyasından yüzlərlə şair müsabiqəyə qatılıb və Şandor Petöfinin qısa ömrü ərzində macar dilində yazdığı şeirləri türk xalqlarının dillərinə tərcümə ediblər. Bu ilin sonunadək tərcümə olunmuş əsərlərdən ibarət kitab nəşr etməyi nəzərdə tuturuq. İndi isə Türk dünyasının rəssamları Petöfiyə həsr etdikləri tabloları təqdim etmək üçün bura toplaşıb. Bu proqramdan ilhamlanaraq, onlar öz yaradıcılığını davam etdirəcəklər”.
Vitse-spiker Şandor Lejaka layihənin əhəmiyyətini vurğulayıb. Bildirib ki, TÜRKSOY-a üzv olan altı ölkədən gəlmiş 11 rəssam Şandor Petöfinin şeirlərinin motivləri üzrə gözəl tablolar yaradıblar. O, layihəyə qatılan rəssamlara minnətdarlığını ifadə edib.
Qeyd edək ki, sentyabrın 2-də rəssamların əl işlərinin sərgisi açılıb. Türk dünyası rəssamları adından çıxış edən Sakit Məmmədov bu layihənin yaradıcılıq baxımından çox faydalı olduğunu vurğulayıb. O bildirib ki, Lakitelekdəki yaradıcılıq düşərgəsində ümumilikdə 30-a yaxın tablo ərsəyə gətirilib.