“MDB ölkələrinin müasir ədəbiyyatı” antologiyası “İlin kitabı” elan edilib

 

30 avqust – 3 sentyabr tarixlərində Rusiyanın paytaxtı Moskvada 36-cı Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkası, bu çərçivədə ilk dəfə Moskva Beynəlxalq Uşaq Kitab Sərgisi, həmçinin 30 avqust – 1 sentyabr tarixlərində Rusiya Dövlət Uşaq Kitabxanasında postsovet ölkələrinin iştirakı ilə Beynəlxalq Uşaq və Gənclər Kitab Forumu keçirilib. Tədbirlərdə ölkəmiz də təmsil olunub.

Beynəlxalq ekspertlərin, kitabxana-informasiya, nəşriyyat-poliqrafiya və kitab satışı sahələrinin aparıcı mütəxəssisləri, gənc rəssam-illüstrator və uşaq yazarlarının qatıldığı forumda Azərbaycandan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu, Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin əməkdaşı İslam Hüseynov, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktor müavini Zahidə Dadaşova, “Everest” nəşriyyat evinin baş redaktoru, uşaq yazarı Solmaz Amanova, bədii illüstrator Nərminə Abdullayeva iştirak ediblər.

Forumun məqsədi uşaq ədəbiyyatı və mütaliə sahəsində mütəxəssislər arasında mədəni-humanitar əlaqələrin gücləndirilməsi, uşaqlara xidmət göstərən kitabxanaların rolu və uşaqları mütaliəyə həvəsləndirən birgə layihələrin həyata keçirilməsi üzrə təcrübə mübadiləsi aparmaqdır.

Forumun ilk günü əvvəlcə MDB məkanı üzrə kitab-nəşriyyat işini əhatə edən ənənəvi, bu il 20-ci dəfə keçirilmiş “Kitab sənəti” müsabiqəsinin nəticələri elan olunub.

Azərbaycan yazıçılarının əsərlərinin də yer aldığı üçcildlik “MDB ölkələrinin müasir ədəbiyyatı” antologiyası (rus dilində) “İlin kitabı” elan olunub. Bu, SSRİ dağılandan sonra keçmiş sovet respublikalarının ədəbi nümunələrini rus dilində təqdim edən ilk böyük nəşr layihəsidir. Topluda Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Belarus, Ukrayna və Moldovanın müasir ədəbiyyatı əhatə olunub. Nəşr MDB məkanında “Rus Dili İli” elan olunan 2023-cü ildə işıq üzü görüb.

Antologiyanın birinci cildində (“Nəsr”) 11 ölkədən 94 müəllifin rus dilinə tərcümə olunmuş hekayələri və digər nəsr əsərlərindən parçalar toplanıb. Cildə tanınmış özbək yazıçısı Timur Pulatov ön söz yazıb.

İkinci cildə (“Poeziya”) sözügedən ölkələrdən 100-dən çox müəllifin rus dilinə tərcümə edilmiş şeirləri daxil edilib. Bu cildə ön sözü məşhur qazax şairi, yazıçı Oljas Süleymenov yazıb.

Üçüncü cild isə “MDB ölkələrinin müasir uşaq ədəbiyyatı” adlanır. Rus uşaq yazarı, dramaturq Andrey Usaçevin ön sözü ilə açılan kitabda 11 ölkədən yüzədək müəllifin rus dilində əsərləri toplanıb.

Forumun “MDB-də mütaliə mədəniyyəti: ümumi keçmişdən böyük gələcəyə” mövzusunda plenar iclasını Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy aparıb.

Azərbaycan nümayəndə heyətinin üzvləri də tədbirdə çıxış ediblər. Respublika Uşaq Kitabxanasının direktor müavini Zahirə Dadaşova “Kitabxanadan gələcəyə: yeniliklər və problemlər” mövzusunda məruzə edib. Solmaz Amanova “Tarixin gücü: irs” seriyasından nəşr olunan nağıl kitabları ilə bağlı təqdimat-məruzə edib. Gənc rəssam Nərmin Abdullayeva uşaq nəşrlərinə çəkdiyi rəsmlər haqqında söz açıb.