Mütəxəssislər həll yollarını göstərirlər
   
   Hazırda Azərbaycanın turizm sektorunda çox rast gəlinən problemlərdən biri də göstərilən xidmətin keyfiyyəti ilə onun qiymətinin uyğun olmamasıdır. Bunu zaman-zaman turistlərin öz dilindən də eşitmək olur. Eyni zamanda mütəxəssislər də daima bu məsələyə toxunurlar. Əksər hallarda insanların narazılığı iaşə xidmətinə görə yüksək məbləğdə hesabın istənilməsi ilə bağlıdır. Maraqlıdır, problemin səbəbini harada axtarmaq lazımdır və onun həlli yolları nədir?
   
   Qida sənayesində dünya praktikasına uyğun standartlar tətbiq olunmalıdır
   
   Turizm İnstitutunun Turizmin təşkili və texnologiyası kafedrasının müdiri, dosent Bahadur Bilalovun sözlərinə görə, son zamanlar hotellərdə qiymət enmələri baş verir. Amma turizm deyəndə təkcə hotellər nəzərdə tutulmur. Burada qidalanma məsələsi də önəmlidir. Bu sahədə qiymətlərin yüksək olması və göstərilən xidmətin keyfiyyətinin aşağı olması diqqəti cəlb edir: «Bunu xüsusilə regionlara gedərkən yol kənarında yerləşən kafe və restoranlarda müşahidə etmək mümkündür. Xarici ölkələrdə menyu deyilən bir şey var. Burada təqdim olunan yeməyin tərkibi və qiyməti əks olunur. Təəssüflər olsun ki, bizdə bir çox iaşə obyektlərində menyu anlayışı yoxdur. Ofisiant gəlir, şifahi olaraq yeməklərin adını sadalayır, tərkibi barədə isə heç bir məlumat vermir. Bu yeməklərin bir çoxunu xarici qonaqlar heç adı ilə tanımırlar da. Sonda da müştəriyə elə qiymət “oxuyur” ki, təəccübdən donub qalırsan. Bu baxımdan düşünürəm ki, turizmdə böyük rol oynayan qida sənayesində dünya praktikasına uyğun standartlar tətbiq olunmalıdır».
   
   Sahibkarlar qoyduqları investisiyanı qısa zamanda çıxarmaq istəyirlər
   
   «İnfotour.az» saytının direktoru, turizm üzrə mütəxəssis Kamran Qədirov isə məsələyə başqa cür yanaşır. Onun fikrincə, sahibkarlar hoteli tikib istifadəyə verən gündən ondan mənfəət götürmək istəyirlər, qiymətləri də yuxarı həddə müəyyənləşdirirlər: «Bu zaman onlar rəhbərlik etdikləri müəssisədə personalın müştərilərə necə xidmət etdiklərini nəzərə almırlar. Bu isə müştərilərin narazılığı ilə qarşılanır. Çünki hər bir insan qaldığı hoteldə, yemək yediyi restoranda ödədiyi məbləğin dəyərinə uyğun xidmət görmək istəyir”.
   Həmsöhbətimiz qeyd etdi ki, problemin əsas səbəblərindən biri kimi peşəkar kadrların azlığı göstərilir: «Amma bu istiqamətdə məqsədyönlü işlər görülür və nəticə də var. Azərbaycan Turizm İnstitutu ildə 200-dən yuxarı ali təhsilli kadrı istehsalata təhvil verir. Mingəçevir Turizm Kolleci, Bakı Turizm Peşə Məktəbi fəaliyyət göstərir. Bundan başqa, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Turizm Assosiasiyası Türkiyənin aidiyyəti qurumları ilə birlikdə vaxtaşırı olaraq mehmanxana əməkdaşları üçün ixtisasartırma kursları təşkil edirlər. Bütün bunlar yaxın gələcəkdə turizmdə kadr probleminin də həll ediləcəyini deməyə əsas verir. Sadəcə, lazımdır ki, müəssisə sahibləri onlardan səmərəli istifadə edə bilsin».
   K.Qədirovun fikrincə, ölkədə mehmanxana və mehmanxana tipli müəssisələrin sayı çoxaldıqca problem də yoluna qoyulacaq. Rəqabət artdıqca müəssisə sahibləri də çalışacaqlar ki, həm qiymətə, həm də xidmətə fikir versinlər: «Əks halda, rəqabətdə uduzacaqlar. Çünki turizm şirkətləri də belə obyektlərlə əməkdaşlıq etmirlər. Artıq əksər hotellər «Hər şey daxil» prinsipi ilə işləməyə üstünlük verirlər. Xüsusilə Nabran zonasında yerləşən istirahət mərkəzləri ötən il bu paketin nə qədər sərfəli olduğunu gördülər. Əksər turistlər buna üstünlük verirlər. «Hər şey daxil» paketi hazırlanarkən də istər-istəməz xidmətin keyfiyyəti əsas şərt kimi götürülür».
   
   Nazirlik xidmət sahəsində sağlam rəqabətin formalaşmasına çalışır
   
   Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanovun sözlərinə görə, bazar iqtisadiyyatı sərbəstdir, burada qiymətlər dövlət tərəfindən tənzimlənmir: «Bizim məqsədimiz odur ki, bütün bölgələrdə xidmət infrastrukturu yaradılsın, yataq yerlərinin sayı çoxaldılsın, sağlam rəqabət formalaşsın. Bu həm xidmətin keyfiyyətinə öz təsirini göstərəcək, həm də qiymətə. Bazarda məhsul qıtlığı yarananda bu, istər-istəməz qiymətin bahalaşmasına gətirib çıxarır, eyni zamanda xidməti zəiflədir. Amma xidmət sahələri çox olduqca bu, qiymət baxımından bazara öz təsirini göstərir. Düzdür, qiymətlərin bahalaşmasına səbəb olan başqa amillər də var. Nəqliyyatın, icarə haqqının və s. baha olması bu sıraya daxildir».
   Sektor müdirinin sözlərinə görə, nazirliyin həyata keçirdiyi siyasət ondan ibarətdir ki, xidmət sahələrinin sayı çoxalsın və ona uyğun olaraq qiymətlər aşağı salınsın: “Turizm haqqında” yeni qanunda, yeni strategiyalarda da hədəfimiz buna doğru olacaq. Yəni bazarda xidmətin səviyyəsini tənzimləməklə qiymətlərə təsir göstərmək. Tələb qoyaq ki, əgər sən baha satırsansa, satdığın məhsula görə də xidmət göstər. Bazar iqtisadiyyatında bu tərəfi tənzimləyə bilərik. Restoranda, ekskursiya xidmətində, bələdçi fəaliyyətində, mehmanxana xidmətində standartları müəyyən etmək və o standartlara uyğun onun icrasının həyata keçməsinə nəzarəti gücləndirməklə qiymətləri nizamlaya bilərik. Ötən ilin sonunda təsdiq edilən «Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyalarının müəyyənləşdirilməsi və qiymətləndirmədə meyarların tətbiq edilməsi barədə» Dövlət Standartı da bizə imkan verəcək ki, xidmətin keyfiyyətinin yaxşılaşdırılması üçün əvvəlkindən daha çox yüksək tələblər qoyaq”.
   
   Yeni standartları Dövlət Komitəsindən əldə etmək olar
   
   Məlum olduğu kimi, ötən ilin dekabrında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən xidmət sahəsi ilə bağlı iki standart təsdiq edilib. Bunlardan biri «Şadlıq saraylarının təsnifatı və qaydalar», digəri isə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış «Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyalarının müəyyənləşdirilməsi və qiymətləndirmədə meyarların tətbiq edilməsi barədə» Dövlət Standartıdır. İkinci sənəd “2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə «Turizm və yerdəyişmə vasitələrinin xidmətləri» üzrə Texniki Komitə tərəfindən hazırlanıb.
   Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Fazil Talıbovun sözlərinə görə, maraqlananlar standartlarla tanış olmaq üçün komitəyə müraciət edə bilərlər. Sənədləri Dövlət Komitəsinin Təcrübə Sınaq Mərkəzindən almaq olar: “Bir müddət sonra biz sənədlərin internet vasitəsilə onlayn satışını həyata keçirəcəyik”.
   
   F.Abdullayeva