Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...

(əvvəli ötən sayımızda)

1995-ci il 13 oktyabr

 

Prezident Heydər Əliyev Xalq şairi Bəxtiyar Vahabzadənin 70 illiyinə həsr olunmuş təntənəli gecədə iştirak edib.

Yubiley münasibətilə Bəxtiyar Vahabzadəyə təbrik məktubu ünvanlayıb. “Xalqın düşüncə və arzuları, hiss və duyğuları, istək və amalları həmışə Sizin zəngin yaradıcılığınızın, mübariz poeziyanızın cövhəri olmuşdur”, – deyə təbrikdə vurğulanırdı.

 

1995-ci il 19 oktyabr

 

Azərbaycan musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətləri olan Rəşid Bеhbudovun 80 illik yubilеyi haqqında sərəncam imzalayıb.

 

1995-ci il 31 oktyabr

Azərbaycan Respublikasının yeni Konstitusiyasının layihəsində dövlət dili haqqında maddə ilə bağlı Elmlər Akademiyasında keçirilən müzakirədə nitq söyləyib.

 

1995-ci il 3 noyabr

 

Görkəmli bəstəkar Vasif Adıgözəlovu 60 illik yubileyi münasibətilə təbrik edib. “Xalq mahnılarımızın, muğamlarımızın ruhundan qida alan, ilhamla yaratdığınız musiqinizdə həmişə zamanın nəbzi duyulmuşdur”, – deyə təbrikdə qeyd olunmuşdu.

 

1995-ci il 29 noyabr

 

Böyük Britaniyaya işgüzar səfəri zamanı görkəmli Azərbaycan rəssamı Səttar Bəhlulzadənin əsərlərinin Londondakı “Rassel” hotelində açılmış sərgisində olub.

 

1995-ci il 9 dekabr

 

Azərbaycan milli teatr sənətinin inkişafında xidmətlərinə görə Səyavuş Аslanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 60 illik yubileyi münasibətilə Səyavuş Аslana təbrik məktubu göndərib.

 

1995-ci il 15 dekabr

 

Azərbaycan kinematoqrafçılarının VIII qurultayına təbrik məktubu göndərib.

 

1995-ci il 16 dekabr

 

Prezident sarayında Respublika Kinematoqrafçılar İttifaqının qurultayında yeni seçilmiş idarə heyətinin üzvlərini qəbul edib. Görüşdə geniş nitq söyləyib.

“Mən eşidəndə ki, siz mənimlə görüşmək istəyirsiniz, xahiş etdim ki, belə bir görüş təyin olunsun. İndi sizi dinləyirəm və fikirləşirəm, bir var ki, dərdi bilməyəsən, bir də var ki, dərdi biləsən, ona çarə tapa bilməyəsən – bu, çox çətindir... Bizim bir sözümüz var – dərdləşməyin özü də insana təskinlik verir. Ona görə də hesab edirəm ki, görüşməyimiz çox yaxşıdır və mən sizin problemlərinizi daha da yaxından başa düşürəm.

Birinci, onu demək istəyirəm ki, bizim kinonun tarixi və əldə etdiyi nailiyyətlər milli sərvətimizdir, mədəni sərvətimizdir və bunu qorumalıyıq...

...Məsələn, elə “Arşın mal alan” filmini götürək. Üzeyir Hacıbəyovun “Arşın mal alan” əsəri dahi bir əsərdir, mədəniyyətimizdə çox görkəmli yer tutmuş əsərdir. Ancaq o film çəkilməsə idi dünya “Arşın mal alan”ı da o qədər tanıya bilməzdi, Üzeyir Hacıbəyovu da, Rəşid Behbudovu da o qədər tanıya bilməzdi. Görürsünüz, bir film ilə nə qədər böyük məsələlər həll olundu.

Sonrakı dövrdə yaranmış və tariximizi əks etdirən filmlər, məsələn, “Nəsimi”, yaxud da “Babək”, “Dədə Qorqud”, “Nizami” filmləri gözəl filmlərdir... Məsələn, “Dədə Qorqud”un kinoya salınması tariximiz üçün nə qədər böyük hadisədir! Nə üçün? Çünki, gəlin açıq danışaq, elə özümüzün içərisində də çoxları “Dədə Qorqud”u yaxşı bilmirlər. O əsəri oxumaq, – onun dili də çox adam üçün çətindir. Amma kino elə bir vasitədir ki, gedib baxırsan, hər şey aydın olur.

Yaxud “Nəsimi” filmini götürün. Nəsimini çoxları tanıyırdı, şeirlərini də bilirdilər. Amma Nəsimini kinoda necə əks etdirdilərsə, insanların qəlbində, hafizəsində Nəsimi o cür qəbul olundu...

Şəfiqə xanım (Məmmədova – red.) “Ad günü” filminin adını çəkdi, o film xatirinizdədir. O filmin yaranmasından mənim xəbərim yox idi. Təsadüfən baxdım, gördüm ki, çox dəyərli filmdir. Həmin o “Ad günü” filmi iyirmi il bundan sonra da, otuz il sonra da yaşayacaqdır. O gün televiziya ilə bir verilişə baxırdım, deyəsən, onun davamını göstərirsiniz. Artistləri tanıdım, Hacı İsmayılovu tanıdım... Çox yaxşı artistdir, yaxşı da rol oynayır.

Tofiq Tağızadə dedi ki, bir istirahət günü çay içə-içə onun çəkdiyi kinoya baxaq. Mən sizə deyim, 1993-cü ildə buraya gələndən indiyə qədər təəssüf ki, bir saat da istirahət üçün vaxt tapa bilmirəm. O vaxtlar mən burada işləyəndə, düzü, bazar günləri bəzən kinoya, xüsusən yeni filmlərə baxırdım. Amma indi vəziyyət o qədər ağırdır ki, bir gün, bir saat da istirahət yoxdur. Bu o demək deyil ki, mən sizin filmə baxmayacağam. Sizin filminiz məni çox maraqlandırır. İndi mən həmin mövzuya – “Ölülər” mövzusuna gəlirəm. Bəlkə də səhv edirəm, tarixdə olan müəyyən məsələləri bilmirəm, amma hesab edirəm ki, bəşər tarixində “Ölülər” kimi bir mövzuda əsər yaranmayıbdır... Həddindən artıq fəlsəfi bir əsərdir və hesab edirəm, bizim çatışmazlığımız ondan ibarətdir ki, indiyə qədər bu əsəri təbliğ edə, dünyaya tanıtdıra bilməmişik...

Görürsünüz, o qədər mövzu var ki, bir-iki saat da danışa bilərik. Amma bilirəm ki, tarix də öz yerində, əsərlər də öz yerində, lakin sizi maraqlandıran əsas məsələ odur ki, bu gün kinematoqrafiya necə yaşamalıdır. Şübhəsiz ki, indi keçmişdəki imkanlarımız yoxdur, bunu bilmək lazımdır.  Ona görə də mən sizə söz verim ki, qaldırdığımız məsələlərin hamısını həll edəcəyəm, – bunu deyə bilmərəm. Ancaq təkliflərinizi sonra mənə təqdim edərsiniz, bunların hamısına çox diqqətlə baxarıq və nə qədər mümkündürsə, çalışarıq, o qədər kömək edək.

Kinonu, kinematoqrafiyanı, kino sənətimizi yaşatmaq lazımdır. Şübhəsiz ki, bizim kino sənətinin on illərlə yaranmış böyük bir kollektivinin dağılmasına imkan vermək olmaz...

İnanıram ki, bu ağır dövrün də ömrü uzun olmayacaqdır... İqtisadiyyatda dəyişikliklər də aparırıq və bütün imkanları axtarıb kinomuzu da saxlamağa çalışacağıq...”.

Hazırladı: Vüqar Orxan

(davamı var)